Bir neçə nəfəri pensiya düzəltdirmək, işə yerləşdirmək və hərbi xidmətdən saxlatdırmaq vədləri ilə aldadaraq pul alan qadına hökm oxunub.
1973-cü il təvəllüdlü, Gürcüstanın Qardabani rayonunda anadan olmuş Çimnaz Feyzullayeva qabaqcadan əlbir olduğu şəxslə birlikdə dələduzluqda təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Çimnaz Feyzullayeva bir qadının anasına əlillik pensiyası düzəldəcəyini vəd edərək ondan 6 min manat alıb. Daha iki nəfərin həyat yoldaşlarını xəstəxanada tibb bacısı kimi işə düzəltmək adı ilə hərəsindən 2500 manat alıb. O, bu işləri həll edə biləcəyini deyərək zərərçəkmişlərə özünü TƏBİB-in vəzifəli əməkdaşı kimi təqdim edib.
Digər zərərçəkmişdən isə göz xəstəliyinə görə pensiya düzəldəcəyini vəd edərək 5 min manat alıb.
Qadının ən böyük dələduzluq epizodu isə tanışlarından biri ilə bağlı olub. O, həmin şəxsin dostunu hərbi xidmətdən saxlatdırmaq, Şəmkir rayonunda tikinti işləri aparmaq üçün icazə almaq, eləcə də bacısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəltmək vəd edib. Bu məqsədlə ümumilikdə 66 min manat pul alıb.
Beləliklə, məhkəmənin araşdırdığı epizodlar üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi məbləği 82 min manata çatıb.