Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Pravda.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı.
Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxundu və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini dedi, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.