Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürmədə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə tibbi xarakterli məcburi tədbir təyin olunub. Təqsirləndirilən şəxsə tibbi xarakterli məcburi tədbir Respublika Psixiatriya Xəstəxanasında həyata keçirilməsi qərara alınıb.
İttihama görə, Zaur Mustafayev paranoid şizofreniya diaqnozu ilə Gəncə Şəhər Psixiatriya Xəstəxanasının müalicə şöbəsində müalicə olunarkən cinayət törədib.
Məlumata əsasən, o, əvvəllər törətdiyi cinayət əməlinə görə cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən xəstəxanada müalicə olunmaqdansa həbsxanada olmağın daha asan olduğunu düşünüb. İstintaqın versiyasına görə, bu məqsədlə, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə qəbul edilmiş davranış və birgəyaşayış qaydalarına, əxlaq və mənəviyyat normalarına açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, eyni müalicə şöbəsində müalicə olunan pasiyentə qarşı cinayət törətmək qərarına gəlib.
Zaur Mustafayev həmin şöbədə “qayıdan depressiya, psixiatrik əlamətlərlə cərəyan edən ağır depressiya” diaqnozu ilə müalicə olunan və onunla eyni palatada qalan Miri İsmayılovu öldürmək qərarına gəlib.
Hadisə bu il aprelin 4-də saat 19 radələrində, müalicə şöbəsində təmizlik işləri aparıldığı və xəstələrin palatalarda olduğu vaxt baş verib.
Belə ki, Zaur Mustafayev əvvəlcə Miri İsmayılovu aldadaraq qollarını arxadan bağlamağı təklif edib. O, bunu zərərçəkmiş şəxsə çörək yeyə bilib-bilmədiyini yoxlamaq məqsədilə edəcəyini bildirib. Miri İsmayılov da onun bu təklifinə razılıq verib.
Bundan sonra Zaur Mustafayev hadisədən bir neçə gün əvvəl palatada olan iki döşəyin kənar hissələrini dartaraq söküb və əldə etdiyi ipi kəndir kimi istifadə edib. Həmin kəndirlə Miri İsmayılovun qollarını bağlayıb, onu çarpayı üzərinə uzadıb. Daha sonra kəndirin bir hissəsini onun boynuna dolayıb, digər ucunu isə dəmir çarpayıya keçirib. Zaur Mustafayev bir əli ilə Miri İsmayılovun ağzından tutub, digər əli ilə kəndiri çəkərək onu boğub.
İttihamda göstərilən ekspertiza nəticələrinə əsasən, hadisə nəticəsində Miri İsmayılovun döş qəfəsinin ön səthində, qarının sağ yan səthində, hər iki dizində və sağ baldırının ön səthində sıyrıqlar əmələ gəlib. Bu xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan və dərəcəsi müəyyən edilməyən xəsarətlər kimi qiymətləndirilib.
Bununla yanaşı, Miri İsmayılovun ölümünə boyunun ilgəklə sıxılması nəticəsində yaranan və mexaniki asfiksiyaya səbəb olan xəsarətlərin səbəb olduğu qeyd edilib.
İbtidai istintaq orqanı hesab edib ki, Zaur Mustafayev bu hərəkətləri xuliqanlıq niyyəti ilə qəsdən törədib və nəticədə Miri İsmayılovu həyatdan məhrum edib.
Məhkəmədə ifadəsi tədqiq edilən Zaur Mustafayev istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2001-ci ildə Gəncə şəhərində bir nəfəri bıçaqla vurub və həmin cinayəti törətməsinə görə məhkum olunub. 2008-ci ildə isə Rusiyada olduğu vaxt quldurluq cinayəti törətdiyi üçün 7 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Cəzasını çəkib qurtardıqdan sonra Gəncə şəhərinə qayıdıb.
O qeyd edib ki, Rusiyada quldarlıq cinayətini törətdikdən sonra onda əsəb xəstəliyi müəyyən edilib. Gəncə şəhərinə qayıtdıqdan sonra 2014-cü ildə Psixiatriya Xəstəxanasında qeydiyyata götürülüb və həmin vaxtdan bir neçə dəfə həmin xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə 01.04.2025-ci il tarixdə xəstəxanaya yerləşdirilib.
Kamal Məmmədov