Pandemiya dövründə dünyaya gələn uşaqların daha aqressiv, əsəbi və emosional baxımdan həssas olması ilə bağlı fikirlər səsləndirilir.
Bəs COVID-19 pandemiyası zamanı yaşanan stress, sosial təcrid uşaqların inkişaf və davranışlarına həqiqətən təsir edə bilərmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə, vətəndaşlar icazəli evdən çıxmalar, istədikləri yerlərə gedə bilməməkləri ilə bağlı bir sıra məhdudiyyətlərlə qarşılaşıblar.
G.Orucova qeyd edib ki, qadağalara etiraz edə bilməmək insanı aqressiv və ya pessimist edir: “Həmin insan neqativ düşünür, özünə qapanır, ağlayır, depressiv olur. Təbii ki, ananın bu vəziyyəti müəyyən mənada uşağa keçmiş ola bilir. Bəzən biz bunu gözardı edə bilərik, qəbul etmərik, amma ananın yaşadığı bütün bu hissləri bətnindəki uşaq da yaşamış olur. Pandemiya dövrünün uşaqlarının bəziləri məktəbə onlayn qoşuldu, bəziləri məktəqədər təhsil müəssisəsinə gedə bilmədi. Ona görə pandemiya dövrünün uşaqlarında bu gün nələr var? Ünsiyyət və sosiallaşmada çətinlik mövcuddur. Nitq qüsurları daha aydın şəkildə özünü göstərir. Telefona bağlılıq, asılılıq, telefon olmadan yemək yeməmək kimi vərdişləri formalaşıb. Ona görə həqiqətən də pandemiya dövrünün uşaqları İQ baxımından da digər illərdə doğulan uşaqlardan aşağıdır”.
Psixoloqun sözlərinə görə, pandemiya dövründə boşanmaların da sayı çox olub: “İnsanlar bir-birlərindən uzaq idi, axşam gələndə bir-birlərini görürdülər. Ancaq pandemiya zamanı bir-birilərini davamlı gördükləri üçün problemlər yarandı, boşanmaların sayı artdı. Yəni hardasa deyilənlər doğrudur”.
Şəhanə Qədirli