Azərbaycanın qalmaqallı iş adamı Orxan Səfərov məxsus villa hərrac yolu ilə satışa çıxarılıb.
Pravda.az ölkə.az-a istinadən xəbər verir ki, villa Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ünvanında - “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yerləşir.
Sahəsi 774 kvadrat metr olan 2 mərtəbəli, 11 otaqlı villa 0.35651 ha torpaq sahəsində inşa olunub.
Onun minimum satış qiyməti 1 milyon 897 200 manatdır. Lakin villanın hansı səbəbdən hərrac yolu ilə satışa çıxarıldığı məlum deyil.
Qeyd edək ki, sözügedən villa 2022-ci il aprelin 3-də partlayış baş vermiş gecə klubunu idarə edən şirkətlə bağlıdır.
“Location” gecə klubunda qeydə alınan partlayışa görə iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəsulov 5 il, O.Səfərli 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Bundan başqa, digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə şikayəti təmin etməyib.



