Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Adil Ömərovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Quba Rayon Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxs 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Quba-Qəçrəş yolunun üzərində, Qəçrəş yolu yaşayış massivində yerləşən “Alma Bağı” hotelində baş verib.
Belə ki, istirahət məqsədilə Quba şəhərinə gələn Adil Ömərov tanışları ilə birlikdə hotelin əvvəlcədən rezerv etdiyi otağında qalıb. Həmin vaxt o, tanışları ilə birlikdə otaqda olarkən yüksək səslə musiqi dinləyib, eyni zamanda nalayiq ifadələr işlədib.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs bu hərəkətləri ilə hoteldəki digər sakinlərin dincliyini pozub, müəyyən edilmiş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını qəsdən kobud şəkildə pozaraq ətrafdakı şəxslərə açıq-aşkar hörmətsizlik nümayiş etdirib.
Həmin vaxt ailə üzvləri ilə birlikdə hoteldə qonaq olan zərərçəkmiş Kərəm Tağıyev (adı, soyadı şərtidir) səs-küyün qarşısını almaq məqsədilə Adil Ömərovun qaldığı otağa yaxınlaşaraq ona iradını bildirib. Lakin bu irad təqsirləndirilən şəxsin hiddətlənməsinə səbəb olub. O, zərərçəkmiş şəxsin xəbərdarlığına sakit reaksiya vermək əvəzinə, onunla qəsdən münaqişə yaradaraq gecə saatlarında otel sakinlərinin dincliyini pozan hərəkətlərini davam etdirib.
İttihama görə, Adil Ömərov xuliqanlıq niyyəti ilə Kərəm Tağıyevin burun nahiyəsinə yumruqla bir dəfə zərbə endirərək ona xəsarət yetirib.
Beləliklə, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə itəli sürülüb.
Quba Rayon Məhkəməsinin hökmü ilə Adil Ömərova aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri növündə cəza təyin edilmişdi. Lakin məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 2025-ci il tarixli qərarının 5.1-ci bəndini tətbiq edib. Bununla da Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzadan azad olunub. Eyni zamanda, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Kamal Məmmədov