Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İqbal İmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, hadisə 2025-ci ildə Tərtər rayonu Sarıcalı kəndində qeydə alınıb.
Belə ki, İqbal İmanov qəssablıq fəaliyyəti ilə məşğul olan tanışı zərərçəkmiş Cavid Fərəcovun (adı, soyadı şərtidir) yanına ət satışı ilə bağlı sövdələşmək məqsədilə gedib. Lakin tərəflər ətin qiyməti və satış şərtləri barədə razılığa gələ bilməyiblər. Bundan sonra İqbal İmanov ətini götürərək oradan ayrılıb.
Bu hadisədən sonra yaranmış narazılığa baxmayaraq, təqsirləndirilən şəxs əvvəlcə oradan ayrılaraq toya gedib. O, toy mərasimində spirtli içki qəbul etdikdən sonra yaşadığı evə qayıdıb.
Ardınca İqbal İmanov mobil telefon vasitəsilə zərərçəkmiş şəxsə zəng edərək ətin qiymətinin aşağı salınması və ətin geri qaytarılması ilə bağlı iradlarını bildirib. Telefon danışığı zamanı tərəflər arasında mübahisə yaranıb və onlar bir-birlərini qarşılıqlı şəkildə nalayiq ifadələrlə təhqir ediblər.