Beyləqanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Namazəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Rövşən Namazəliyev sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobil idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb, bir nəfər hadisə yerində ölüb, özü isə ağır bədən xəsarətləri alıb.
Belə ki, təqsirləndirilən şəxs "Yol hərəkəti haqqında" Qanunun nəqliyyat vasitəsini idarə etmək hüququ, sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi ilə bağlı müddəalarının tələblərini pozaraq 2025-ci ilin dekabr ayının 6-sı axşam saatlarında faktiki istifadəsində olan "Mercedes-Benz E230" markalı avtomobillə Yuxarı Qarabağ kanalı–Daşburun avtomobil yolunun Beyləqan rayonu Birinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olub.
O, hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda avtomobilin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qəza zamanı maşının arxa oturacağında əyləşən sərnişin - Nizami Məmmədov çoxsaylı qabırğa sınıqları, ağciyərlərin cırılması, ikitərəfli hemotoraks, bədənin müxtəlif nahiyələrinin zədələnməsi və digər ağır xəsarətlər alıb. Ön sərnişin oturacağında olan Hafiz Məmmədov isə baş beyninin ağır əzilməsi, kəllə sümüklərinin sınıqları, diffuz aksonal zədələnmə, çoxsaylı qabırğa sınıqları və digər həyati təhlükəli travmalar alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, arxa oturacaqda əyləşən Nizami Məmmədov aldığı çoxsaylı qabırğa sınıqları, ağciyərin cırılması nəticəsində baş vermiş kəskin qanitirmə və ağır travmatik şok səbəbindən hadisə yerində həyatını itirib.
Məhkəmə iclasında ifadə verən Rövşən Namazəliyev ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdanməhrum etmə cəzasının həddi artırılaraq 5 il 6 ay həddində müəyyən olunub. O, 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Rövşən Namazəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və o, məhkəmə iclas zalından dərhal həbs olunub.
Kamal Məmmədov