Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Reklam edilən kiçikölçülü avtomobilləri almaq nə dərəcədə sərfəlidir? - AÇIQLAMA

Paylaş:
Reklam edilən kiçikölçülü avtomobilləri almaq nə dərəcədə sərfəlidir? - AÇIQLAMA
Bizi Google News-da izləyin

Son zamanlar Azərbaycanda bir nəfərlik, kiçikölçülü elektrik avtomobillərinin satışı və reklamı geniş yayılıb. Belə avtomobillərdə ön oturacaq bir nəfərlikdir, eni və uzunu çox kiçikdir. Belə maşınlar vətəndaşlar tərəfindən maraqla qarşılansa da qiymətinin baha olduğunu bildirirlər. Maraq doğuran məsələ isə belə maşınların idarəsinin nə dərəcədə əlverişli və sürücülük vəsiqəsinin tələb olunub-olunmamasıdır.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Samuran Səmədbəylinin sözlərinə görə, bu nəqliyyat vasitələrinə marağın artması əsasən şəhər mobilliyi, parklanma problemi və yanacaq xərclərinə qənaət istəyi ilə bağlıdır. 

S.Səmədbəyli qeyd edib ki, avtomobilin kiçikölçülü və elektrik mühərrikli olması onun sürücülük vəsiqəsi tələb etməməsi demək deyil: “Burada əsas meyar nəqliyyat vasitəsinin hüquqi təsnifatı, mühərrik gücü, konstruktiv sürəti və texniki göstəriciləridir. Müvafiq olaraq, bəzi modellər kvadrisikl və ya yüngül kvadrisikl kateqoriyasına aid edilə və A1, A, B1 və ya digər uyğun sürücülük kateqoriyası tələb edə bilər. Bu avtomobillərin əsas üstünlüyü aşağı istismar xərcləri, enerji səmərəliliyi, kompakt ölçüləri və parklanma rahatlığıdır. Xüsusilə şəhərdaxili qısa məsafələrdə mikromobillik alternativi kimi istifadə oluna bilərlər”.

Ekspert bildirib ki, belə avtomobillərin mənfi tərəfləri də az deyil: “Əsas problemlərdən biri passiv təhlükəsizlik səviyyəsidir. Kiçik kütlə, məhdud deformasiya zonası və bəzi modellərdə təhlükəsizlik sistemlərinin zəif olması qəza zamanı riskləri artırır. Bundan başqa, batareyanın resursu, enerji tutumu, yürüş ehtiyatı və ehtiyat hissələrinin əlçatanlığı da ciddi iqtisadi amillərdir. Qiymət məsələsinə gəldikdə, bazarda 10 min manatdan başlayan təkliflərə rast gəlinir. Bu məbləği qiymətləndirərkən yalnız alış qiymətinə deyil, ümumi sahibolma dəyərinə (Total Cost of Ownership) baxmaq lazımdır. Buraya enerji sərfiyyatı, texniki xidmət, batareyanın amortizasiyası və mümkün təmir xərcləri daxildir. Eyni zamanda, bu qiymətə daha funksional işlənmiş avtomobil əldə etmək imkanları da müqayisə olunmalıdır”.

S.Səmədbəyli onu da əlavə edib ki, dünya təcrübəsində, xüsusilə Avropada mikroavtomobillər şəhər nəqliyyatının alternativ seqmenti kimi inkişaf edir: “Lakin onların istifadəsi texniki standartlar, sürət məhdudiyyətləri və yol hərəkəti qaydaları ilə tənzimlənir. Hesab edirəm ki, Azərbaycanda da bu nəqliyyat vasitələrinin bazara daxil olması ilə yanaşı, hüquqi təsnifat, texniki təhlükəsizlik, dövlət qeydiyyatı və istismar qaydaları sələlərinə aydınlıq gətirilməlidir. Nəticə etibarilə, bu avtomobillər müəyyən istifadəçi qrupu üçün əlverişli alternativ ola bilər. Ancaq onları universal nəqliyyat vasitəsi kimi qiymətləndirmək düzgün deyil. İstehlakçı qərar verərkən qiymət, təhlükəsizlik, funksionallıq və uzunmüddətli istismar xərcləri arasında balansı nəzərə almalıdır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər