Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İqtisadiyyat

"Respublika üzrə 2026–2030-cu illərdə 32 milyondan çox tingə ehtiyac yaranacağı gözlənilir"

Paylaş:
"Respublika üzrə 2026–2030-cu illərdə 32 milyondan çox tingə ehtiyac yaranacağı gözlənilir"
Bizi Google News-da izləyin

2026–2030-cu illər ərzində Azərbaycanda intensiv meyvə bağlarının salınması üçün 32 milyondan artıq tingə ehtiyac yaranacağı proqnozlaşdırılır. Bu tələbat ölkədə yeni 20 min hektar intensiv meyvə bağının salınmasını nəzərdə tutan Dövlət Proqramının hədəfləri ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qubada keçirilən “Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı” mövzusunda tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov deyib.

O bildirib ki, mövcud intensiv meyvə bağlarının növ strukturu və superintensiv bağlarda hektara düşən ting sayı nəzərə alınmaqla aparılan hesablamalara əsasən, qarşıdakı illərdə 32 milyondan artıq tingə tələbat formalaşacaq. Bu hədəf ölkədə indiyədək salınmış 50 min hektar intensiv meyvə bağlarının sahəsinin 40 faiz artırılması deməkdir.

Qeyd olunub ki, 20 min hektar yeni bağın salınması üçün yalnız tinglərin sayının deyil, onların sort təmizliyinin, fitosanitar sağlamlığının və sertifikatlı olmasının təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki meyvəçilikdə düzgün sort və calaqaltı seçimi bağların uzunmüddətli məhsuldarlığına və iqtisadi səmərəliliyinə birbaşa təsir göstərir.

Pərviz Yusifov diqqətə çatdırıb ki, son illərdə intensiv meyvə bağlarının salınması əkin subsidiyaları, çoxillik dəstək mexanizmləri və müasir suvarma sistemlərinin qurulmasına göstərilən dəstəklə təşviq olunub. Dövlət Proqramı çərçivəsində bu istiqamətdə tədbirlərin davam etdirilməsi, tingçilik sektorunun inkişafı və sertifikatlı əkin materialı təminatının gücləndirilməsi nəzərdə tutulur. Bugünkü tədbirin əsas məqsədi də tingçilik sahəsində müasir yanaşmaların tətbiqi, seleksiya və calaqaltı-sort kombinasiyalarının düzgün seçimi, sertifikatlı ting istehsalının təşviqi, eləcə də sahə mütəxəssisləri və sahibkarlar arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsidir.

Paylaş:

Ən son xəbərlər