Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Səid Səfərov: “Hər hansı texnogen proses baş verərsə, Abşeron yarımadası susuz qala bilər, ona görə də...”

Paylaş:
Səid Səfərov: “Hər hansı texnogen proses baş verərsə, Abşeron yarımadası susuz qala bilər, ona görə də...”
Bizi Google News-da izləyin

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 165 milyon dollar maliyyələşdirməni təsdiqləyib. Ümumi dəyəri 407 milyon dollar olan layihə çərçivəsində gündəlik 300 min kubmetr, zərurət yarandıqda isə 330 min kubmetr su təmizləyə bilən zavod tikiləcək. Bu isə sosial şəbəkələrdə bir sıra müzakirələr yaradıb. Belə ki, dəniz suyunun çimmək üçün belə riskli olduğunu və məişətdə istifadəsini doğru hesab etməyənlər var. Eyni zamanda içmək üçün sadəcə bulaq suyundan istifadə edilməsi gərəkdiyini hesab edənlər də kifayət qədərdir.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən AMEA Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib ki, duzsuzlaşdırma prosesi zamanı dəniz suyu, çirklənmə səviyyəsindən asılı olmayaraq, xüsusi texnologiya vasitəsilə membranlardan keçirilərək təmizlənir. 

Onun sözlərinə görə, yüksək təzyiq altında həyata keçirilən bu prosesdə membranların məsamələri elə qurulub ki, əsasən su molekullarının keçməsinə imkan verir, duzlar və digər çirkləndiricilərin böyük hissəsi isə saxlanılır: “Ən kiçik molekul H2O molekuludur. Bu səbəbdən su nə qədər çirkli olsa da, nəticədə ən təmiz su qalır. Problem ancaq ondan ibarətdir ki, su nə qədər çirkli olarsa, bir o qədər tullantıları çox olacaq. Tullantıların problemi qaldırıla bilər, bu isə daha sonrakı məsələdir. Dəniz suyunun içməyə yararlı olub-olmaması məsələsinə gəldikdə isə dəniz suyu həmin prosesdən sonra o qədər təmiz olur ki, hətta içmək üçün əlavə minerallar qatılacaq. Çünki tərkibində müəyyən qədər minerallar olmalıdır. Haqqında danışılan bulaq suları isə onsuz da təmizdir. Həmin suların içməyə yararlılığı üçün başqa texnologiyadan istifadə edilir. Sumqayıtda tikiləcək elə böyük zavodu hər bulağın üstündə tikmək mümkün deyil, səmərəsi olmaz. Xəzərdən götürülən duzsuzlaşdırılan suyun miqdarı ilə bulaqların suyunu miqdarına görə müqayisə etmək doğru deyil. Bu səbəbdən rentabelli deyil ki, hər bulağın üstündə belə böyük zavod tikilsin. Bulaq suları da lokal təmizləyici qurğulardan keçirilir. Sonra da satışda olur və məişətdə istifadə edilir”.

S.Səfərov bildirib ki, mətbuatda yayılan Sumqayıtda tikiləcək duzsuzlaşdırılma zavodu ilə bağlı məlumatlar çox da inandırıcı görünmür: “Bu fikrin əslində tərəfdarı deyiləm. Abşeron yarımadasında təbii su mənbələri son dərəcə azdır. Abşerona su uzaq məsafələrdən – Kür və Samur çaylarından, Oğuz–Qəbələ–Bakı su kəməri və digər mənbələrdən gətirilir. Hər hansı bir texnogen və ya neqativ proses baş verərsə, 4 milyona yaxın əhalisi olan Abşeron yarımadası susuz qala bilər. Bu səbəbdən yaxın məsafədə duzsuzlaşdırma layihəsi üzrə belə su mənbəyinin olması strateji əhəmiyyət daşıyır. Abşeron yarımadasında dediyim səbəblərə görə belə bir su mənbəyi yaradılmalıdır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər