Sumqayıt Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Heydər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Heydər İbrahimov dərhal məhkəmə iclas zalından həbs olunub.
İttihama görə, Heydər İbrahimov 2025-ci il mayın 4-də saat 00:30 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən "Toyota" markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub.
Belə ki, o, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi maşını alkoqol qəbul etdikdən sonra sərxoş vəziyyətdə idarə edib. İttihamda göstərilib ki, sürücü “Yol hərəkəti haqqında” Qanunun tələblərinə zidd olaraq, diqqət və çevikliyinin azaldığı vəziyyətdə sükan arxasına keçib.
Bundan başqa, Heydər İbrahimov yaşayış məntəqəsində müəyyən edilmiş maksimum 60 km/saat sürət həddini aşaraq avtomobili 120 km/saat sürətlə idarə edib. O, hərəkət təhlükəsizliyi üçün zəruri şərait yaratmayıb, digər hərəkət iştirakçılarına zərər vurmamaq və yol hərəkəti qaydalarına uyğun manevr etmək öhdəliklərinə əməl etməyib.
Heydər İbrahimov idarəetməni itirərək avtomobili yolun kənarındakı maneəyə çırpıb. Qəza zamanı avtomobilin ön oturacağında sərnişin kimi əyləşən Yusif Yusifli ağır bədən xəsarətlərdən ölüb.
Beləliklə, Heydər İbrahimov alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda ittiham olunur.
Kamal Məmmədov