Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqların səsləndiyini, amma gözlənilən soyuqların baş vermədiyini bildirirlər.
Bu il Azərbaycanda qış necə keçəcək? Ölkədə indiyədək ən sərt qış hansı ildə qeydə alınıb?
Pravda.az xəbər verir ki, globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, əslində, qışın sərt keçəcəyini aylar öncədən qəti şəkildə söyləmək elmi baxımdan düzgün deyil:
“Çünki Azərbaycanın hava şəraiti müxtəlif atmosfer proseslərinin təsiri altında formalaşır. Arktikadan daxil olan soyuq hava kütlələri, atmosfer təzyiqinin dəyişməsi, Xəzər dənizinin təsiri və regional hava dövranı qışın gedişinə birbaşa təsir göstərir. Bu səbəbdən qışın bütövlükdə sərt keçməsi ilə ayrı-ayrı günlərdə kəskin şaxtaların müşahidə olunmasını fərqləndirmək lazımdır. Hazırkı məlumatlara görə, Azərbaycanda 2026-2027-ci illərin qışının son 70 ilin ən sərt qışı olacağını təsdiqləyən etibarlı əsas yoxdur. Maraqlı məqam odur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssisi Səfər Səfərovun açıqlamasında qarşıdakı qışın ümumilikdə mülayim keçə biləcəyi bildirilib. Bununla belə, ayrı-ayrı günlərdə temperaturun kəskin aşağı düşməsi və qar yağması istisna edilmir. Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 30-da açıqladığı noyabr proqnozunda da ölkə üzrə temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu, hələ qışın üç ayı üçün proqnozu deyil, lakin mövsümə keçid dövrünün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir”.