Sosial şəbəkələrdə və digər internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları və sübutların təqdim edilməsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirilib.
Pravda.az xəbər verir ki, bununla bağlı danışan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir.
Hakimin sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır. Məsələn, kütləvi çıxış zamanı təhqiramiz ifadənin işlədildiyi yer məlumdursa, şikayət həmin ərazi üzrə səlahiyyətli məhkəməyə verilməlidir.
F. Axundov qeyd edib ki, media və internet informasiya ehtiyatlarında yayılan böhtan və təhqir xarakterli məlumatlarla bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsinin xüsusi qaydaları mövcuddur. Bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndində izah olunub.
Belə ki, müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı məlumdursa, məhkəmə aidiyyəti, bir qayda olaraq, həmin ünvan nəzərə alınmaqla müəyyən edilir. Hüquqi ünvan məlum olmadıqda və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alındıqda isə şikayətə məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə məhkəmədə baxılır.
Hakim bildirib ki, məsələn, Facebook sosial şəbəkəsində şəxs barəsində böhtan xarakterli məlumat yayıldıqda, həmin platformanın xaricdə qeydiyyata alınması nəzərə alınaraq şikayət məlumatı yaymış şəxsin Azərbaycandakı qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Bu halda paylaşımın fiziki olaraq Bakıda və ya başqa ərazidə edilməsi məhkəmə aidiyyətini müəyyən etmir.