Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Tanışını avtomobillə vuraraq öldürməyə cəhd edən şəxsə 7 il 10 ay həbs cəzası verildi 

Paylaş:
Tanışını avtomobillə vuraraq öldürməyə cəhd edən şəxsə 7 il 10 ay həbs cəzası verildi
Bizi Google News-da izləyin

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Bağır Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

İttihama görə, hadisə 2025-ci ildə saat 20 radələrində İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən ərzaq mağazasında baş verib.

Belə ki, Bağır Məlikovla tanışı, zərərçəkmiş Kamal İmanov (adı, soyadı şərtidir) arasında bundan əvvəl, həmin gün saat 14 radələrində İmişli rayonunun Cəfərli kəndindən keçən şirin su kanalında elektrik cərəyanı ilə balıq tutulması ilə bağlı mübahisə yaranıb. 

Məlumata əsasən, Kamal İmanov onun bu üsulla balıq tutmasına irad bildirib.

Sonra mağazada qarşılaşan zaman tərəflər arasında həmin məsələ ilə əlaqədar şəxsi münasibətlər zəminində mübahisə davam edib. Mübahisə zamanı Bağır Məlikov balıq tutmaq üçün nəzərdə tutulan əşyanın sapı ilə Kamal İmanovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

Nəticədə zərərçəkmiş şəxsin sağ gözünün üst qapağında qançır, alın nahiyəsinin sağ tərəfində, eləcə də sol bazunun yuxarı və orta üçdəbir hissələrinin bayır səthində sıyrıqlar əmələ gəlib. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilib.

Bu hadisədən əsəbiləşən Bağır Məlikov Kamal İmanovdan qisas almaq və onu öldürmək qərarına gəlib. O, atasına məxsus “VAZ-21074” markalı avtomobili işə salaraq yüksək sürətlə idarə edib. Təqsirləndirilən şəxs maşının ön hissəsi ilə Kamal İmanovu qəsdən vuraraq asfalt örtüklü yola yıxıb.

Zərbənin təsirindən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrində xəsarətlər yaranıb. Bundan əlavə, Kamal İmanova həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma dərəcəsinə aid qapalı kəllə-beyin travması yetirilib. 

İş materiallarına əsasən, avtomobillə vurulduqdan sonra ətrafdakı şəxslər Kamal İmanovu vaxtında İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən göstərilən ixtisaslı tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Beləliklə, məhkəmənin qənaətinə görə, Bağır Məlikov qisas almaq niyyəti ilə Kamal İmanovu qəsdən öldürməyə yönəlmiş hərəkətlər etsə də, zərərçəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılması və tibbi yardım göstərilməsi səbəbindən cinayət əməlini öz iradəsindən asılı olmayan hallara görə başa çatdıra bilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağır Məlikov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər