Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Taleh Mansurovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, ona şərti cəza verilib. Taleh Mansurov məhkəmə iclas zalından azadlığa buraxılıb.
İttihama əsasən, hadisə 2025-ci ildə saat 22:00 radələrində paytaxt ərazisində baş verib.
Belə ki, Taleh Mansurov tanışı, zərərçəkmiş F.F. (adı, soyadı şərtidir) ilə aralarında pul məsələsi ilə əlaqədar yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə hərəkət edib və üzərində gəzdirdiyi cib bıçağından istifadə edib.
O, zərərçəkmiş şəxsə zor tətbiq edərək qarın nahiyəsindən bir dəfə zərbə vurub. Nəticədə F.F.-in qarın nahiyəsinin ön səthinin sol yarısında daxilə nüfuz edən, qarın boşluğuna qan toplanması, böyük piyliyin və nazik bağırsağın yaralanması ilə müşayiət olunan xəsarətlər yaranıb.
Hadisədən sonra Taleh Mansurov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. O, şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, Taleh Mansurovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını və ona şərti məhkumetmə cəzasının təyin edilməsini xahiş etmişdi.
Kamal Məmmədov