Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Tikintiyə icazə vədi ilə 1 milyon manatlıq dələduzluq: 10 il həbs cəzası şərti tətbiq edildi – TƏFƏRRÜAT

Paylaş:
Tikintiyə icazə vədi ilə 1 milyon manatlıq dələduzluq: 10 il həbs cəzası şərti tətbiq edildi – TƏFƏRRÜAT
Bizi Google News-da izləyin

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ruslan Rəsulovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, Ruslan Rəsulov dövlət qurumlarında əlaqələrinin olduğunu və torpaq sahələrində yaşayış binalarının tikintisinə icazə alacağını vəd edərək zərərçəkmiş Araz İsgəndərovdan ümumilikdə 1 000 000 manat alıb.

Belə ki, o, tamah niyyəti ilə özgənin xüsusilə külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü yüksək dövlət qurumunda çalışan, geniş əlaqələrə malik və tikinti üçün dövlət orqanlarından müvafiq icazələrin alınmasını təşkil edə bilən şəxs kimi təqdim edib.

Ruslan Rəsulov bu yolla Araz İsgəndərovun etibarını qazanaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə icazə alınmasını təşkil edəcəyinə dair vəd verib. O, verdiyi vədi inandırıcı göstərmək və zərərçəkmiş şəxsin etibarını möhkəmləndirmək məqsədilə “WhatsApp” vasitəsilə Araz İsgəndərovdan torpaq sahəsinə dair mülkiyyət sənədlərini və fotoşəkilləri əldə edib. Daha sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin guya vədin həyata keçirilməsi ilə bağlı göndərdiyi səs yazılarını ona çatdırıb.

Bununla Araz İsgəndərovun tam etibarını qazandıqdan sonra 2024-cü ildə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 333 ünvanında yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində ondan 500 000 manat nağd pul alıb.

Məlumata görə, Ruslan Rəsulov bununla kifayətlənməyərək vahid cinayətkar niyyətini davam etdirib. O, Araz İsgəndərova Abşeron rayonu, Masazır qəsəbəsində və Quba rayonu ərazisində yerləşən torpaq sahələrində yaşayış binalarının tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazələrin alınmasını təşkil edəcəyini vəd edib.

Bu bəhanə ilə 2025-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Bakı Ekspo Mərkəzi”nin yaxınlığında 200 000 manat, 2025-ci ilin aprel ayının əvvəlində isə Zığ şosesində, Heydər Əliyev Beynəlxalq Hava Limanının yaxınlığında 300 000 manat alıb.

Beləliklə, Ruslan Rəsulovun üç epizod üzrə Araz İsgəndərovdan ümumilikdə bir milyon manat aldığı bildirilir. İttihama görə, o, əldə etdiyi vəsaitləri şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədləri isə yerinə yetirməyərək zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurub.

Məhkəmə iclasında dindirilən Ruslan Rəsulov özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyini göstərsə də, ifadəsində zərərçəkmiş şəxsi aldatmaq niyyətinin olmadığını deyib.

O qeyd edib ki, Araz İsgəndərovu oğlunun hərbi xidmətə getməsi ilə əlaqədar tanıyıb. Torpaq məsələləri ilə bağlı tanışlarının olduğunu öyrənən Araz İsgəndərov sonradan ona müraciət edərək bina tikintisi ilə əlaqədar köməklik göstərməsini xahiş edib. Ruslan Rəsulov da bu işdə kömək edə biləcəyini bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcə işlər normal gedib, hətta mütəxəssislər gəlib Araz İsgəndərova məxsus torpaq sahəsinə baxıblar. Lakin sonradan müəyyən problemlər yaranıb və iş baş tutmayıb.

Ruslan Rəsulov Araz İsgəndərovdan 1 000 000 manat aldığını təsdiqləsə də, həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləmədiyini, pulu işi həyata keçirmək üçün aldığını iddia edib.

Məhkəmədə verilən sualları cavablandıran Ruslan Rəsulov Araz İsgəndərovla tanış olduğu zaman hər hansı dövlət orqanında rəsmi işləmədiyini bildirib. Bununla belə, müxtəlif əlaqələri vasitəsilə müəyyən işləri həll etdiyini və həmin fəaliyyətlə pul qazandığını qeyd edib.

O, Araz İsgəndərova dövlət qurumlarında işlədiyini demədiyini, yalnız torpaq məsələləri ilə bağlı əlaqələrinin olduğunu bildirdiyini söyləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər də başqa şəxslərin bu formada işlərini həll edib, hətta torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı məsələlərdə iştirak edib.

Ruslan Rəsulov bu işlərdə ona kömək edən şəxslərin adlarını açıqlamaq istəməyib.

Sulutəpədəki torpaq sahəsi ilə bağlı isə bildirib ki, həmin ərazi kənd təsərrüfatı təyinatlı olub. Onun sözlərinə görə, Araz İsgəndərovdan aldığı pul müqabilində həm torpağın təyinatını dəyişdirməli, həm də orada bina tikintisinə icazə almalı imiş. Bu işlərin üç-dörd ay ərzində həll ediləcəyini vəd edib.

Təqsirləndirilən şəxs əlavə edib ki, Araz İsgəndərova villa şəkli də göndərib. Həmin villanın pul verdiyi şəxsə məxsus olduğunu və yaxınlığında polis şöbəsinin yerləşdiyini bildirib. Torpağın təyinatının dəyişdirilməsi ilə bağlı SMS-lərin də torpaq sahibinin nömrəsinə gəldiyini deyib. Bununla belə, Araz İsgəndərovun torpaq sahəsi ilə bağlı rəsmi müraciət edildiyini təsdiqləyən hər hansı sənədi məhkəməyə təqdim edə bilməyəcəyini etiraf edib.

Ruslan Rəsulov məhkəmədə Araz İsgəndərova dəymiş ziyandan 600 000 manatın qaytarıldığını söyləyib. O, zərərçəkmiş şəxsin verdiyi 100 000 manatın isə özünə aid olmadığını, həmin pulu tanışlarından birinə verdiyini, həmin şəxsin də vəsaiti lazımi adamlara çatdırdığını iddia edib.

Təqsirləndirilən şəxs özünün bu prosesdə yalnız vasitəçi olduğunu, sənədləri hazırlayan tanışının işin 500 000 manat müqabilində həll ediləcəyini bildirdiyini və bu səbəbdən Araz İsgəndərovdan həmin məbləği aldığını söyləyib.

Məhkəmənin hökmü ilə Ruslan Rəsulov publikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunan cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Həmçinin Ruslan Rəsulov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər