Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Toydan evə qayıdan qazi qonşusunu bıçaqladı: “Törətdiyim əməldən peşmanam”

Paylaş:
Toydan evə qayıdan qazi qonşusunu bıçaqladı: “Törətdiyim əməldən peşmanam”
Bizi Google News-da izləyin

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Budaqovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, hadisə bu il saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində baş verib.

Belə ki, Samir Budaqov yaşadığı ünvanın qarşısında qonşusu, zərərçəkmiş Rəşad Əbilovun  (soyadı şərtidir) yüksək səslə danışaraq səs-küy yaratması narazılığa səbəb olub. O, səs-küyə iradını bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəşad Samiri yumruqla sifət nahiyəsindən vurub. Nəticədə təqsirləndirilən şəxsin sağ gözaltı nahiyəsində qançır və üst dodağının sol yarısının selikli qişasında qansızma yaranıb. Bu xəsarətlərin sağlamlığa zərər vurmayan və dərəcəsi müəyyən edilməyən xəsarətlər olduğu bildirilib.

Rəşad Əbilovun zərbəsindən sonra Samir Budaqov qisas almaq məqsədilə yaşadığı evə daxil olub. O, mətbəxdən bıçaq götürərək yenidən evin qarşısına çıxıb.

İttihamda qeyd olunub ki, Samir Budaqov həmin bıçaqla Rəşad Əbilovun qarnının sol nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin qarnında həyat üçün təhlükəli olan ağır xəsarət yaranıb.

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və Samir Budaqovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə baxışı zamanı Samir Budaqov ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün toydan yeni gəldiyini deyib. Evə qayıtdıqdan təxminən yarım saat sonra həyətdə səs-küy eşitdiyini və bununla bağlı çölə çıxdığını deyib.

Samirin sözlərinə görə, həyətdə olan şəxslərə “sizin evinizin qarşısında belə hərəkət etsəm, xoş olar” söyləyib. Bundan sonra Rəşad Əbilovun ona yumruqla zərbə endirdiyini və huşunu itirdiyini bildirib.

Samir Budaqov həmin vəziyyətin təxminən 30-40 saniyə davam etdiyini, hər şeyin ani şəkildə baş verdiyini qeyd edib.

O deyib ki, sonradan bıçağı götürərək çölə çıxıb və həmin vaxt Rəşad Əbilov onun üzərinə gəlib. Bıçaqla bir zərbə vurduğunu, hadisənin necə baş verdiyini tam anlaya bilmədiyini söyləyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Rəşad Əbilovla əvvəllər münasibətləri normal olub və aralarında hər hansı ədavət və düşmənçilik olmayıb.

Onun sözlərinə görə, hadisə yerinə yeni köçüb və həmin evdə cəmi üç ay kirayə yaşayıb.

Samir Budaqov münaqişənin yalnız səs-küy səbəbindən yarandığını, tərəflərin bir-birini söymədiyini deyib.

O, çölə çıxarkən həyətdə üç nəfər gördüyünü, onlardan ikisinin bir-biri ilə güləşdiyini bildirib. Yaxınlaşdıqda həmin şəxslərin ayağa qalxdığını söyləyib.

Təqsirləndirilən şəxs Rəşad Əbilova yaxınlaşaraq evdə ailə və uşaq olduğunu, belə hərəkətin onların qapısının qarşısında edilməsinin xoşuna gəlib-gəlməyəcəyini soruşduğunu deyib. Qarşı tərəfin ona zərbə endirəcəyini gözləməyib. Rəşad Əbilovun qəfil hücum etdiyini və zərbədən sonra yıxıldığını bildirib.

Samir Budaqov qeyd edib ki, yıxıldıqdan sonra əlbəyaxa dava davam etməyib və münaqişə yerindən 3-5 metr aralanaraq evə gedib.

O, evdən bıçağı götürməkdə məqsədinin yalnız qarşı tərəfi qorxutmaq olduğunu bildirib.

Samir Budaqov ifadəsində evdən həyətə qayıtdıqda əvvəl gördüyü üç nəfərdən yalnız ikisinin orada olduğunu söyləyib.

O, bıçağı gizlətmədiyini, əlində aşkar şəkildə tutduğunu deyib. Hadisə yerinə qaçaraq gəldiyi üçün Rəşad Əbilovun bıçağı görmədiyini ehtimal edib.

Təqsirləndirilən şəxs onu yalnız Rəşad Əbilovun vurduğunu, yanında olan digər iki şəxsin ona zərbə endirmədiyini deyib.

Samir Budaqov keçmişdə iştirak etdiyi müharibə ilə əlaqədar psixoloji travmasının qaldığını da ifadəsində qeyd edib.

O, məhkəmədə törətdiyi əməldən peşman olduğunu bildirib. Hazırda Rəşad Əbilovla barışdıqlarını, aralarındakı narazılığın aradan qalxdığını və münasibətlərinin yaxşı olduğunu deyib. Zərərçəkmiş şəxsə maddi yardım göstərib və hazırda tərəflərin bir-birinə qarşı hər hansı şikayət və tələbi qalmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Budaqova 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanı şərti hesab edib və onun barəsində 2 il sınaq müddəti müəyyənləşdirib. Bundan başqa, Samir Budaqov barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

Qeyd: Araşdırma zamanı Samir Budaqovun Qarabağ qazisi olduğu, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi məlum olub. Onun himayəsində azyaşlı övladının olduğu və ailənin yeganə qazanc gətirən şəxsi olduğu da nəzərə alınıb.


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər