Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Əsədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama əsasən, hadisə 2025-ci ildə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində baş verib.
Belə ki, həmin gün saat 19:00 radələrində Mahir Əsədov notarial qaydada verilmiş etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı avtomobillə Hövsan-Türkan şosesi ilə hərəkətdə olub. Bu zaman onun bir müddət əvvəldən tanıdığı zərərçəkmiş Nazim Dadaşov (adı, soyadı şərtidir) “Hyundai Elantra” markalı avtomobillə yüksək sürətlə yanından keçib. “Hyundai Elantra”nın sürətlə hərəkəti nəticəsində “Volkswagen Passat” toza bürünüb.
Bundan narazı qalan təqsirləndirilən şəxs avtomobilini yüksək sürətlə idarə edərək “Hyundai Elantra”nın yanına çatıb. O, maşınının yan şüşəsini endirərək zərərçəkmiş şəxslə pəncərədən mübahisə edib və məsələni aydınlaşdırmaq məqsədilə onu görüşməyə çağırıb.
Mahir Nazimi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindəki dənizkənarı sahəyə çağırıb. Həmin gün saat 20:00 radələrində tərəflər dənizkənarı ərazidə görüşüblər. İttihamda qeyd olunub ki, həmin vaxt ətrafda heç kim olmayıb və hər iki şəxs avtomobildən düşüb.
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yolda avtomobilini niyə yüksək sürətlə idarə etdiyini və bunun nəticəsində onun maşınının toz içində qalmasına səbəb olduğunu irad tutub.
Nazimin kobud cavab verməsi mübahisəni daha da gərginləşdirib. Nəticədə tərəflər arasında əlbəyaxa dava başlayıb.
Bu zaman Mahir Nazimi cəzalandırmaq məqsədilə yumruqla baş nahiyəsindən vurub və onu yerə yıxıb. Ardınca zərərçəkmiş şəxs də müqavimət göstərərək təqsirləndirilən şəxsin ənsə nahiyəsinə yumruqla zərbə endirib və nəticədə ona yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Tərəflər arasındakı mübahisə bununla da başa çatmayıb. Mahir Nazimi cəzalandırmaq və ona xəsarət yetirmək niyyəti ilə yaxınlıqda saxladığı “Volkswagen Passat” markalı avtomobilə tərəf gedib. O, avtomobilin sol qapısının iç cibində saxladığı cib bıçağını götürərək yenidən zərərçəkmiş şəxsin yanına gəlib.
Təqsirləndirilən şəxs şəxsi münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı qisas almaq və Nazimə xəsarət yetirmək niyyəti ilə bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar və digər xəsarətlər əmələ gəlib.
Tibbi qiymətləndirməyə əsasən, Nazimdə başın təpə nahiyəsində, sağ çənə bucağında, alt dodaqda, sağ bazuda, alt çənədə və sol baldırda kəsilmiş yaralar, döş qəfəsinin plevra boşluğuna nüfuz etməyən bir ədəd yara, eləcə də alt çənədə iki ön kəsici dişin posttravmatik sınması müəyyən edilib.
Bundan əlavə, onun döş qəfəsinin periton, yəni qarın boşluğuna nüfuz edən və qaraciyər və mədənin yaralanması ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası olub.
İttihamda göstərilən xəsarətlərdən bir qismi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib. Lakin qaraciyər və mədənin yaralanması ilə müşayiət olunan, döş qəfəsinin periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaranın insan həyatı üçün təhlükəli olduğu və sağlamlığa ağır dərəcəli zərərvurmaya aid edildiyi bildirilib.
Beləliklə, Mahirin Nazimin sağlamlığına qəsdən ağır zərər vurduğu müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Əsədov təqsirli bilinərək 4 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində əvvəllər seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də həbs qətimkan tədbiri ilə əvəz olunub.
Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Şikayətdə Mahir barəsində təyin edilmiş cəzanın dəyişdirilməsi xahiş olunub. Müdafiə tərəfi Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini istəyib.
Kamal Məmmədov