Uşaqların xarakteri, davranışları və ətraf mühitə uyğunlaşma qabiliyyəti bir-birindən fərqlənir. Bəzi uşaqlar olduqca həssas və kövrək, digərləri isə dəyişikliklərə daha dözümlü olur. Psixoloqlar bu fərqləri izah etmək üçün uşaqları orxideya, zəncirotu və lalə çiçəklərinə bənzədirlər.
Uşaqların hər biri özünəməxsus temperamentə malikdir. Onların eyni hadisəyə fərqli reaksiyalar verməsi, yeni mühitə uyğunlaşma sürəti və emosional davranışları da məhz bu xüsusiyyətlərlə əlaqəlidir.
Pravda.az bildirir ki, uşaqların temperamentini daha asan anlamaq üçün istifadə olunan maraqlı yanaşmalardan biri onları üç çiçək növü ilə müqayisə etməkdir: orxideya, zəncirotu və lalə.
Orxideya uşaqlar: Həssas və duyğusal
Orxideya uşaqlar ətraf mühitdə baş verən dəyişikliklərə və emosional təsirlərə daha həssas yanaşırlar. Onlar səs-küylü, izdihamlı yerlərdə tez yorula, yeni insanlara və mühitə alışmaqda çətinlik çəkə bilərlər.
Bu uşaqlar başqalarının hisslərini asanlıqla duyur, hadisələrə daha dərindən reaksiya verirlər. Gündəlik rejimin dəyişməsi, gözlənilməz hadisələr və yeni vəziyyətlər onlar üçün narahatlıq yarada bilər.
Belə uşaqlarla münasibətdə səbirli olmaq, dəyişikliklərə əvvəlcədən hazırlamaq və onlara özlərini təhlükəsiz hiss etdirəcək şərait yaratmaq vacibdir. Onları yeni fəaliyyətlərə məcbur etmək əvəzinə, uyğunlaşmaları üçün vaxt vermək tövsiyə olunur.
Zəncirotu uşaqlar: Dözümlü və çevik
Zəncirotu uşaqlar isə dəyişikliklərə daha asan uyğunlaşmaları və çətinliklər qarşısında dözümlülükləri ilə seçilirlər. Necə ki, zəncirotu müxtəlif şəraitdə böyüyə bilir, bu uşaqlar da fərqli mühitlərdə özlərini rahat hiss edə bilirlər.
Onlar yeni insanlarla asan ünsiyyət qurur, gündəlik rejimdəki dəyişikliklərə tez uyğunlaşır və çətin vəziyyətlərdən sonra daha sürətlə özlərinə gəlirlər.