Venesuela ordusunun ölkə ərazisində Kolumbiyanın ELN partizan qruplaşmasına məxsus düşərgəyə endirdiyi ehtimal olunan hava zərbələri nəticəsində bir neçə nəfər həlak olub.
Bu barədə Fundaredes qeyri-hökumət təşkilatı məlumat verib.
Təşkilat agentliyə bir neçə meyitin yerə səpələndiyi, ağacların aşdığı və düşərgəyə bənzər obyektin dağıntılarının göründüyü videomaterial təqdim edib. Görüntülərin Kolumbiya sərhədi yaxınlığında, Venesuelanın Apure ştatının meşəlik ərazisində oktyabrın 30-da qeydə alındığı bildirilir.
Fundaredes təşkilatının direktoru Xavyer Tarazonanın sözlərinə görə, qurumun əməkdaşlarından biri hadisə yerində doqquz meyit sayıb. O, hadisəni 2016-cı ildə Kolumbiyanın FARC partizan qruplaşmasının əsas hissəsinin tərksilah edilməsindən sonra qitənin ən güclü fəal partizan təşkilatı hesab olunan ELN-ə qarşı Venesuela tərəfindən həyata keçirilən ilk bombardman adlandırıb.
Fundaredes və insan hüquqları müdafiəçisi, hərbi məsələlər üzrə ekspert Rosio San Migelin bildirdiyinə görə, bölgə sakinlərindən əldə edilən məlumatlarda ELN üzvləri arasında daha 10-a yaxın ölüm halından bəhs olunur. Onların sözlərinə görə, hava zərbələri Apure ştatının Kolumbiyanın Viçada departamenti ilə həmsərhəd olan Buena Vista del Meta ərazisinə endirilib.
“Ərazi sakinləri hücum və ölənlər barədə məlumat verib, qurbanların ELN üzvləri olduğunu bildiriblər”, – deyə San Migel AFP-yə açıqlamasında qeyd edib.