Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Şair Balaşərif oğlu Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Pravda.az Ş.Alxasovla bağlı məlumatları təqdim edir.
O, 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 31 may 2024-cü il tarixli Sərəncamına əsasən, Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd: Mayın 14-də Baş Prokurorluq Qusarda məhv edilən meşə sahəsi ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu məqsədlə mövcud ekoloji problemlərin aradan qaldırılması, o cümlədən yaşıllıqların qorunması və bərpası naminə genişmiqyaslı işlər görülür.
Kompleks tədbirlərin davamı kimi, bu sahədə yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası daim diqqət mərkəzində saxlanmaqla, təbiətin mühafizəsinin təkmilləşdirilməsi ilə bağlı prioritetlər üzrə dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən birgə fəaliyyət həyata keçirilir.