Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İqtisadiyyat

“Yapı Kredi Bank Azərbaycan” borclu şirkətdən əlavə pul tələb etdi - MƏHKƏMƏ İCAZƏ VERMƏDİ

Paylaş:
“Yapı Kredi Bank Azərbaycan” borclu şirkətdən əlavə pul tələb etdi - MƏHKƏMƏ İCAZƏ VERMƏDİ
Bizi Google News-da izləyin

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin “Saydır” MMC və digər şəxsdən kredit borcunun gecikdirilməsinə görə 21 628 manat zərərin əvəzinin tutulması ilə bağlı iddiası üzrə məhkəmə mübahisəsi yekunlaşıb. 

Pravda.az-ın Plat.az-a istinadən məlumatına görə, bu barədə bank əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İş materiallarına görə, 2012-ci ildə “Yapı Kredi Bank Azərbaycan” QSC ilə “Saydır” MMC arasında kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, bank şirkətə 18 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 70 000 manat kredit verməyi, MMC isə aldığı vəsaiti müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətlərdə qaytarmağı öhdəsinə götürüb.

Kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 2012-ci il aprelin 18-də “Saydır” MMC və Saydır Nazakət Məmmədbağır qızı ilə bank arasında zaminlik müqaviləsi də bağlanıb. Həmin müqaviləyə əsasən, zaminlər borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə onunla birgə məsuliyyət daşımağı öhdələrinə götürüblər.

Lakin kredit üzrə öhdəliklər vaxtında və tam icra edilmədiyindən bank məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsinin 2016-cı ildə qəbul etdiyi qətnamə ilə iddia qismən təmin olunub. Qətnaməyə əsasən, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 42 224 manat əsas borc, 2 951,46 manat faiz borcu, 287,04 manat cərimə və 7,50 manat poçt xərci olmaqla, ümumilikdə 45 470 manat tutulması qət edilib. İddia tələbi qalan hissədə təmin olunmayıb.

Qətnamə üzrə icra vərəqəsi 2016-cı ildə icraya yönəldilsə də, icra icraatına yalnız 2021-ci ildə başlanılıb. İcra şöbəsi tərəfindən borclulara borcun könüllü ödənilməsi ilə bağlı bildirişlər göndərilib. İş materiallarında göstərilir ki, həmin bildirişlərdən biri 2023-cü ildə cavabdeh Saydır Nazakət Məmmədbağır qızına təqdim edilib.

Cavabdeh icra şöbəsinə yazılı izahatında maddi imkanının məhdud olması səbəbindən borcu tam ödəyə bilmədiyini bildirib və borcun hissə-hissə ödənilməsini təklif edib. Bundan sonra onun yaşa görə aldığı pensiyadan hər ay tutulmalar aparılmağa başlanılıb.

Daha sonra “Yapı Kredi Bank Azərbaycan” QSC məhkəməyə müraciət edərək, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərdən müştərək qaydada 21 628,07 manat zərərin əvəzinin, həmçinin 210 manat mediasiya xərcinin tutulmasını istəyib.

İddiaçı mövqeyini onunla əsaslandırıb ki, 2016-cı ildə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 42 224 manat əsas borcun mövcudluğu təsdiqlənib, lakin cavabdehlər həmin məbləği vaxtında ödəməyiblər. Bankın qənaətinə görə, öhdəliyin uzun müddət icra edilməməsi ona gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb etmək hüququ verib.

Bakı Kommersiya Məhkəməsi 2024-cü ildə iddianı rədd edib. Məhkəmə hesab edib ki, cavabdehlərin maddi ziyana görə məsuliyyət daşıması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq şərtlər, o cümlədən hüquqa zidd əməl, təqsir və zərər arasındakı əlaqə əsaslandırılmalıdır. İddiaçı isə cavabdehlərin təqsiri nəticəsində ona zərər dəydiyini və zərərin məbləğini təsdiqləyən kifayət qədər sübut təqdim etməyib.  

Həmçinin məhkəmə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən 2021-ci ildə icra sənədi üzrə icraata başlanıldığını, könüllü icra bildirişinin 2023-cü ildə cavabdehlərdən yalnız birinə təqdim olunduğunu və həmin tarixdən sonra qismən ödənişlər edildiyini nəzərə alıb. Məhkəmə gecikdirilmiş müddətə görə 5 faiz hesablanmaqla əlavə vəsait tutulmasını ədalətlilik prinsipi baxımından əsaslı hesab etməyib. 

Bank həmin qətnamədən apellyasiya şikayəti verərək qərarın ləğvini və iddianın təmin olunmasını istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi 2024-cü ildə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.

Bundan sonra iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib.

Ali Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur. Bankın Baş icraçı direktoru Mete Şamil Öztürkdür.  

Qeyd edək ki, “Saydır” MMC 2009-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Yılmaz Saydır Suphidir.

Paylaş:

Ən son xəbərlər