Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Yol qəzasında oğlunun ölümünə səbəb olan ataya şərti cəza verildi 

Paylaş:
Yol qəzasında oğlunun ölümünə səbəb olan ataya şərti cəza verildi
Bizi Google News-da izləyin

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sadiq Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. 

İttihama görə, hadisə 2025-ci il avqustun 31-də saat 20:30 radələrində Naftalan-Goran avtomobil yolunun Goranboy rayonunun Balakürd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Sadiq Mustafayev sürücülük vəsiqəsi olmadan, faktiki olaraq əldə edib istifadəsində saxladığı “VAZ-2107” markalı avtomobili alkoqollu içkinin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə edib. O, Goran qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini pozub.

İttiham aktında qeyd olunur ki, sürücü nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda avtomobili idarə etməklə yanaşı, yaşayış məntəqəsində müəyyən edilmiş sürət həddini də aşıb. Sadiq Mustafayev avtomobili saatda 60 kilometrdən artıq sürətlə idarə edib, diqqətini yol şəraitindən yayındırıb və nəqliyyat vasitəsinin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməyib. 

Nəticədə “VAZ-2107” markalı avtomobil yolun sol hərəkət hissəsinə çıxaraq qarşıdan gələn zolaqda hərəkətdə olan zərərçəkmiş şəxsin idarə etdiyi “Mercedes-Benz E240” markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü sağ bud sümüyünün və bel fəqərəsinin sınıqları, eləcə də bədən səthinin çapılmış yaraları ilə müşayiət olunan, həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb.

Həmin avtomobildə sərnişin qismində olan digər şəxs isə döş-körpücük oynağının çıxığı, qulağın açıq yarası, kəllə əsasının sınığı və subaraxnoidal qansızma ilə nəticələnən, həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb.

Qəzaya səbəb olan “VAZ-2107” markalı avtomobildə təqsirləndirilən şəxsin həyat yoldaşı və övladları da olub. Yol-nəqliyyat hadisəsi zamanı Sadiq Mustafayevin oğlu Yusif Mustafazadə aldığı bədən xəsarətlərindən sonradan vəfat edib.


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər