Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Zahid Oruc: “Hicaba görə müdafiə kampaniyası aparanlar jurnalistə qarşı zorakılığa eyni hüquqi meyarla yanaşmadılar”

Paylaş:
Zahid Oruc: “Hicaba görə müdafiə kampaniyası aparanlar jurnalistə qarşı zorakılığa eyni hüquqi meyarla yanaşmadılar”
Bizi Google News-da izləyin

“Son bir həftədə baş vermiş iki zorakılıq hadisəsi jurnalistlərin peşə fəaliyyətinin müdafiəsi məsələsini yenidən gündəmə gətirib. Oktyabrın 28-də Bakının 225 nömrəli məktəbində şagirdin ölümü ilə bağlı çəkiliş aparan "REAL" TV və "Space" TV əməkdaşlarına fiziki hücum edilib. Noyabrın 1-də isə yanğın hadisəsini işıqlandıran "APA" TV-nin müxbiri Sənan Bəhrəmli zorakılığa məruz qalıb, çəkiliş avadanlığı zədələnib. Daxili işlər orqanları hər zaman olduğu kimi operativ və peşəkar tədbirlər görüb, qarşıdurmanın daha ağır nəticələr doğurmasının qarşısını alıblar, cinayət araşdırmalarına başlanılıb. Ayrı-ayrı şəxslərin davranışına hüquqi qiyməti istintaq və məhkəmə verəcək. Lakin jurnalistlərin ictimai əhəmiyyətli hadisələr barədə məlumat topladıqları üçün fiziki təzyiqlə üzləşməsi cəmiyyətin məlumat almaq hüququna da müdaxilədir. Hadisələr təsadüfi fiziki münaqişədir, yoxsa jurnalistlərə qarşı təhlükəli meyildir? Son günlərin iki hadisəsindən ümumi statistika çıxarmaq doğru olmaz, lakin media əməkdaşlarına qarşı fiziki hücumlar qəbuledilməzdir. Jurnalistlərin fəaliyyəti ilə bağlı dövlət orqanları prosesləri hər zaman diqqətdə saxlayır, müvafiq hakimiyyət institutları ilə birlikdə çoxsaylı qabaqlayıcı addımlar atırlar.  Azərbaycan qanunvericiliyi jurnalistlərin müdafiəsi üçün kifayət qədər ciddi hüquqi əsaslar müəyyənləşdirib. Konstitusiyanın 50-ci maddəsi hər kəsin məlumat axtarmaq, əldə etmək və yaymaq azadlığına təminat verir. “Media haqqında” qanunun 6-cı maddəsi jurnalistin peşə borcunu yerinə yetirərkən şəxsi toxunulmazlığını, şərəf və ləyaqətini müdafiə etmək hüququnu tanıyır, onun peşə fəaliyyətinə qanunsuz müdaxiləni və təzyiqləri qadağan edir. Qanunun 17-ci maddəsi isə jurnalistlərin dövlət orqanlarından, müəssisə və təşkilatlardan məlumat almaq hüququnu təsbit edir. Deməli, jurnalistin müdafiəsi üçün yeni hüquq yaratmazdan əvvəl mövcud hüquqların qorunması və pozuntulara kəskin reaksiyaların verilməsi vacibdir”.

Bu sözləri Pravda.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Media haqqında" qanunun sərtləşdirilməsi barədə təkliflərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistin qanuni peşə fəaliyyətinə maneə olmağa görə ayrıca məsuliyyət müəyyən edir: “Burada zor tətbiqi və hədə ilə jurnalisti məlumat yaymağa, yaxud yaymaqdan imtinaya məcbur etmə nəzərdə tutulur. Əsas tərkib üzrə 500 manatdan 1000 manatadək cərimə və ya bir ilədək islah işləri, əməlin vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildiyi hallarda isə daha ağır məsuliyyət müəyyən olunub. Lakin hər fiziki hücum avtomatik olaraq yalnız 163-cü maddə ilə tövsif edilmir. Yetirilmiş xəsarətin ağırlığından və digər hallardan asılı olaraq sağlamlığa zərər vurma, əmlaka ziyan yetirmə və başqa hüquqpozmalarla bağlı normalar da tətbiq oluna bilər. Məhkəmə müdafiəsi də çox əhəmiyyətli mexanizmdir. Fiziki hücuma məruz qalan jurnalist tibbi müayinə və ekspertiza nəticələrini, hadisənin videogörüntülərini, şahid ifadələrini və digər sübutları təqdim etməklə hüquqlarını müdafiə edə bilər. Cinayət məsuliyyəti məsələsindən əlavə, mülki qaydada müalicə xərclərinin, itirilmiş gəlirin, zədələnmiş avadanlığın dəyərinin və qanuni əsaslar olduqda mənəvi zərərin ödənilməsi tələb edilə bilər. Media qurumunun da öz əməkdaşını hüquqi müdafiə vasitələri ilə təmin etməsi vacibdir”.

Zahid Orucun sözlərinə görə, 225 nömrəli məktəbdəki hadisənin başqa həssas tərəfi də var: “Şagirdin ölümü böyük faciədir və ailəsinin kədərinə, uşaqların psixoloji vəziyyətinə həssas yanaşılmalıdır. Lakin dünənə qədər məktəblərdə hicab məsələsi ətrafında təhsil, vicdan azadlığı və insan hüquqlarını müdafiəsi kampaniyası aparan, məsələni hətta geosiyasi və dövlətlrarası müstəviyə qaldıran dairələr məhz müqəddəs təhsil məkanında jurnalistə qarşı zorakılığa da eyni hüquqi meyarla yanaşmadılar. Bir şagirdin hüququnun müdafiəsi prinsip məsələsidirsə, yerə yıxılan, döyülən jurnalistin hüququnun müdafiəsi niyə həmin prinsipin davamı sayılmasın? Hüquqlar selektiv qaydada, insanların dini baxışına, siyasi mövqeyinə, işlədiyi televiziya kanalına və ya yayımladığı materialın məzmununa görə seçilərək müdafiə edilə bilməz. "REAL", "APA", "Space" TV və ya müstəqil media nümayəndəsi olmasından asılı olmayaraq, hər bir jurnalist qanun qarşısında eyni müdafiə hüququna malikdir. Beynəlxalq təcrübədə mətbuat orqanlarının peşəkar fəaliyyətinə fiziki müdaxilənin qarşısının alınmasına dair konkret mexanizmlər mövcuddur. Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il tövsiyəsi jurnalistlərin təhlükəsizliyini beş əsas istiqamətdə - hüquqpozmaların qarşısının alınması, müdafiə, cinayət təqibi, məlumatlandırma və maarifləndirmə üzrə nəzərdən keçirir. Böyük Britaniyada 2021-ci ildə qəbul edilmiş və 2023-cü ildə yenilənmiş Jurnalistlərin Təhlükəsizliyi üzrə Milli Fəaliyyət Planı çərçivəsində media təşkilatları, jurnalist birlikləri və hökumət arasında əməkdaşlıq nəzərdə tutulub. Jurnalistlərin təhlükəsizliyi hər yerdə qorunmalıdır. Xarici mərkəzlərdən ölkəmizə qarşı hibrid informasiya hücumlarında iştirak edən və terror fəaliyyətlərini həyata keçirənləri, casus şəbəkələri ilə koordinasiyalı çalışanları çıxmaq şərtilə cəmiyyətimizin və dövlətimizin media fəaliyyətini həyata keçirən şəxslərə zorakılığın tətbiqinin yolverilməzliyi pozulmaz prinspi kimi qəbul edilməlidir. Ona görə də son hüquq pozuntularının obyektiv araşdırılması, məsuliyyətin qaçılmazlığı və jurnalistin öz peşəsini qorxmadan yerinə yetirə bilməsi, son hadisələrin fobiya yaratmayacğına inanırıq, təkrarlanmaması üçün birgə tədbirlərə parlament təmsilçiləri kimi dəstək verməyə hazırıq. Mətbuat azadlığı jurnalistlərin fəaliyyətlərini nə qədər təhlükəsiz həyata keçirmələri ilə ölçülür”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər