Artıq ödənilmiş icbari tibbi sığorta haqlarının geri qaytarılması ilə bağlı prosedurda dəyişiklik edilib. Bu sahədə məsul qurum kimi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi müəyyənləşdirilib.
Vətəndaşlar icbari tibbi sığorta haqqının düzgün hesablanmadığı və ya tələb olunandan artıq tutulduğunu müəyyən etsələr, artıq ödənişin qaytarılması üçün bu quruma müraciət edə biləcəklər.
Tibb üzrə ekspert Adil Qeybulla bildirir ki, tibbi xidmət zamanı yol verilən nöqsanlar, müalicənin nəticəsiz qalması və ya ağırlaşmalarla bağlı vətəndaşların iddia qaldırmaq hüququ var. Bəzi hallarda sığorta ödənişlərinin geri qaytarılması məsələsi də gündəmə gələ bilər.
Ekspert vurğulayır ki, tibbi xidmətlə bağlı narazılıqlar yalnız vətəndaşın subyektiv fikri əsasında qiymətləndirilməməlidir. Hər bir müraciət müvafiq ekspertiza rəyindən sonra araşdırılmalıdır.
Mütəxəssisin fikrincə, bu cür müraciətlərin obyektiv araşdırılması həm vətəndaşların hüquqlarının qorunmasına, həm də tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər. Artıq ödənilmiş icbari tibbi sığorta haqlarının geri qaytarılması üçün ödəyici İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edir və Dövlət Vergi Xidmətinin rəyinə uyğun olaraq vəsaitin geri qaytarılması Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icra edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.