Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Bakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi - Tədbirlər görülür...

Paylaş:
Bakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi - Tədbirlər görülür...
Bizi Google News-da izləyin

"Ögey atasından şiddət gördüyü üçün evdən qaçan azyaşlının hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülür".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib.

O bildirib ki, sosial mediada yayılan məlumatla bağlı komitə əməkdaşları sığınacaqla əlaqə saxlayıblar, azyaşlının vəziyyəti ilə maraqlanılıb və fakt nəzarətə götürülüb:

"Uşağın zorakılığa məruz qalması ilə bağlı məlumatlar da diqqətdə saxlanılır, bu istiqamətdə müvafiq araşdırma və tədbirlər görülür. Hazırda azyaşlının təhlükəsizliyi, psixoloji vəziyyəti və ehtiyaclarının təmin olunması istiqamətində iş aparılır.

Uşağın təhsildən kənarda qalması ilə bağlı məsələnin həlli, təhsilinin bərpası və zəruri sənədləşmə işləri aidiyyəti qurumlarla birgə iş yerinə yetirilir".

Qeyd edək ki, Bakıda evdən qaçıb parkda gecələyən azyaşlı sığınacağa yerləşdirilib.

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşım edib.

Onun sözlərinə görə, uşaq ögey atasından şiddət gördüyü üçün evdən qaçıb.

"Uşağın atası həbs olunduqdan sonra anası yenidən ailə qurub. Bundan sonra o, çətin günlər yaşamağa başlayıb. Uşağın bildirdiyinə görə, atalığı onunla kobud davranıb və evdə yaşadığı münasibətlər zamanla dözülməz həddə çatıb. Sonuncu dəfə yaşadığı vəziyyətə dözə bilməyən uşaq gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib. Təsadüfən onu görən vətəndaşlardan biri dərhal polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra uşaq uşaq sığınacağına aparılıb.

Məlumata görə, balacanın 7 aylıq, 1 yaş 7 aylıq, 4 yaşlı, 7 yaşlı və 12 yaşlı bacı-qardaşları var. Bundan əlavə, daha iki bacı-qardaşı doğulduqdan sonra həyatını itirib.

Hazırda uşağın ən böyük arzusu sığınacaqda qalmaqdır. O, burada özünü təhlükəsiz hiss etdiyini bildirir və başqa yerə getmək istəmədiyini açıq şəkildə ifadə edir", - deyə Mehriban Zeynalova qeyd edib.

Paylaş:

Ən son xəbərlər