Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni mərhələnin əsasını qoyduğunu bildiriblər.
Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan, dövlət sərhədlərimizin bərpası uğrunda göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq nümunələrindən bəhs edilmiş, işğaldan azad olunmuş ərazilərdə sərhəd mühafizəsinin təşkili istiqamətində görülən genişmiqyaslı işlər diqqətə çatdırılıb.