Sabiq hakimin əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddiası qismən təmin edilib.
Şirvan İnzibati Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə pensiyanın bir sıra əlavə ödənişlər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyini qoyub.
İddiaçı Nüsrət Mirzəyev Fətulla oğlu 2007-ci ildən hakim vəzifəsində çalışıb. O, 2026-cı ildə son yaş həddinə çatması ilə əlaqədar hakimlik fəaliyyətinə xitam verildikdən sonra 18 il 9 ay 3 günlük hakimlik stajı nəzərə alınmaqla aylıq 4 696,65 manat pensiya alıb.
Sabiq hakim pensiyanın hesablanması zamanı hakim işlədiyi dövrdə qüvvədə olan daha əlverişli qanunvericiliyin tətbiq edilməli olduğunu bildirib. O, vəzifə maaşına əlavələrin, hakimlik stajına görə əlavə haqqın və səlahiyyətlərinin icrası ilə bağlı pul təminatının pensiyanın hesablanmasında nəzərə alınmasını istəyib.
Dövlət Sosial Müdafiə Fondu isə etirazında bildirib ki, iddiaçının pensiya hüququ 2026-cı ildə yaranıb və hesablamada 2018-2022-ci illəri əhatə edən ardıcıl 60 aylıq dövr əsas götürülüb. Həmin dövr üzrə orta aylıq əməkhaqqı 7 668 manat müəyyən edilib. Bu məbləğin 61,25 faizi, yəni 4 696,65 manat pensiya təyin olunub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçı 2007-2010-cu illərdə Salyan Rayon Məhkəməsində, 2010-2022-ci illərdə Şirvan Apellyasiya Məhkəməsində, 2022-2026-cı illərdə isə Biləsuvar Rayon Məhkəməsində hakim işləyib.