AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib. Şirkətin üç əsas fəaliyyət istiqamətini – sərnişin aviaşirkətini, hava limanlarını və aeronaviqasiya xidmətlərini əhatə edən hesabatda əməliyyat göstəricilərinin artması, emissiyaların azaldılması, infrastrukturun müasirləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması üzrə əldə olunan nəticələr, eləcə də dayanıqlı inkişaf prioritetləri əks olunub.
2025-ci ildə milli aviadaşıyıcı 55 istiqamət üzrə 35 mindən çox reys yerinə yetirərək 4 milyondan çox sərnişin daşıyıb. Beləliklə, 2028-ci il üçün planlaşdırılan sərnişindaşıma həcminə artıq hesabat ilində nail olunub. Onlayn satışların ümumi satışlarda payı 30 faiz olub. Xidmətlərin rəqəmsallaşdırılması çərçivəsində sərnişinlərə “AZAL Upgrade”, biletlərin onlayn dəyişdirilməsi və bir sıra digər rəqəmsal həllər təqdim olunub.
Aviaşirkət ekoloji, sosial və korporativ idarəetmə (“ESG”) strategiyasının hazırlanmasını yekunlaşdırıb və 2050-ci ilədək xalis sıfır və ya sıfıra yaxın emissiya səviyyəsinə keçid planını hazırlayıb. Hesablamalara görə, Avropa İttifaqı ölkələrindən yerinə yetirilən reyslərdə tərkibində 2% dayanıqlı aviasiya yanacağı (SAF) olan qarışığın istifadəsi CO₂ emissiyalarını təxminən 800 ton azaldıb. 2025-ci ildə donanmaya qoşulan iki yeni “Airbus A320neo” təyyarəsi isə baza göstəriciləri ilə müqayisədə emissiyaları təxminən 9,2 min ton azaltmağa imkan verib.
2025-ci ilin may ayında “Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (“IATA”) Aviasiya Enerji Forumuna ev sahibliyi edib. Cənubi Qafqaz və Xəzər regionunda ilk dəfə keçirilən forum 60-dan çox ölkədən 700-dən artıq nümayəndəni bir araya gətirib. Forum çərçivəsində aviaşirkət “IATA”nın “CO₂ Connect” və “İnteqrasiya Olunmuş Dayanıqlılıq” proqramlarına qatılıb, həmçinin “Ətraf Mühitin Qiymətləndirilməsi” (“IEnvA”) proqramında iştirak edəcəyini açıqlayıb.