Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2026-cı il oktyabrın 7-10-da Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.
Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin yaxınları barədə məlumat almaq hüququnun təmin edilməsi, fərdi və kütləvi dəfn yerlərinə dair məlumatların mübadiləsi, insan qalıqlarının təhlükəsiz və elmi əsaslarla aşkar edilməsi, identifikasiyası və qaytarılması, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar yer alıb.