Paytaxtın Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən binanın naxışlarla bəzədilmiş tarixi taxta qapısı sökülərək yerində şüşə konstruksiya quraşdırılıb. Maraqlısı budur ki, yeni qapının üzərinə köhnə qapının təsviri yapışdırılıb.
Bu barədə memarlıq üzrə elmlər doktoru Elçin Əliyev məlumat yayıb.
Memarın paylaşdığı fotolarda tarixi qapı ilə onun yerinə quraşdırılmış yeni konstruksiya arasındakı fərq aydın görünür.
E.Əliyev bildirib ki, bu, son bir il ərzində tarixi memarlıq elementlərinin şüşə konstruksiyalarla əvəzlənməsinə dair ikinci belə cəhddir:
"Güman edirəm ki, bu, ölkənin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xəbəri ilə baş verib. Hər gün öz mənzillərində təmir işləri aparan vətəndaşların axtarışında şəhəri dolaşan onlarla xidmət əməkdaşının mövcudluğu şəraitində şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil. Məncə, onlar sadəcə insanları və cəmiyyəti ələ salmaq qərarına gəliblər: tarixi qapını öz yerinə qaytarmaq əvəzinə, onun təsvirini şüşə konstruksiyanın üzərinə yapışdırıblar! Məgər tarixi irsin qorunmasının bu cür imitasiyası və ictimaiyyətin belə primitiv şəkildə aldadılması memarlıq abidələrini qorumağa məsul olan dövlət qurumları üçün məqbuldur? Dostlar, bu bizim şəhərimizdir və vicdansız insanların onu eybəcər hala salmasına imkan verməyək!

