“Sabah” və “Barselona” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyunu ilə əlaqədar Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün xüsusi kampaniya tətbiq ediləcək.
“BakıKart” və Mastercard-ın birgə təşəbbüsünə əsasən, noyabrın 25-də saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 manat) istifadə edə biləcəklər.
Güzəşt həm yerli, həm də xarici banklar tərəfindən emissiya edilmiş Mastercard kartlarına, eləcə də Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən təmassız ödənişlərə şamil olunur.
Kampaniya Bakı şəhərində NFC ödənişlərinin mümkün olduğu metro və avtobuslarda qüvvədə olacaq. Müəyyən edilmiş vaxt ərzində güzəştli gedişlərin sayına məhdudiyyət qoyulmayacaq.
Təşəbbüsün əsas məqsədi futbol azarkeşlərinin stadiona və geriyə gediş-gəlişini asanlaşdırmaq, eyni zamanda ictimai nəqliyyatdan və nağdsız ödəniş imkanlarından istifadəni təşviq etməkdir.