Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər proqramına uyğun olaraq, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və qonaqlar Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində olublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə HDQ-nin fəaliyyəti və həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra nümayəndə heyəti HDQ-də istifadədə olan hərbi-texniki vasitələrin sərgisi ilə tanış olub, dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib.
Görüşdə, həmçinin ölkələrin HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.