Politoloq Mübariz Əhmədoğlunun Gürcüstanda - Borçalıda yaşayanların ünvanına səsləndirdiyi fikirlər ictimaiyyət və sosial media istifadəçiləri arasında ciddi narazılıq və geniş müzakirələr yaradıb. Müzakirələrə M.Əhmədoğlunun İrəvandakı Göy məscid məsələsi və Gürcüstanda yaşayan soydaşlarımız arasında İranın ideoloji təsirləri mövzusunda danışarkən səsləndirdiyi fikirlər səbəb olub. Onun çıxışında səsləndirdiyi “Ar olsun Borçalıda yaşayan kişilərə” ifadəsi tənqid edilib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyib ki, kimisə təhqir etməyib.
O bildirib ki, məsələ konteksdən çıxıb: “Əslində mənim orada təsvir etdiyim hadisəyə elə təhqir, acı, tənə formasında münasibət bildirilməlidir. Başqa variant yoxdur. O sözü deyənlərin əksəriyyəti də mənim tənqid etdiyim adamların başında duranlara aiddir. İrandakılar vəziyyəti qarışdırır. Bu, təşkil olunmuş məsələdir. Borçalı ilə bağlı dediklərim doğrudur, zərrə qədər geri çəkilmək fikrim yoxdur. Amma Borçalı kişisini, qadınını təhqir etməmişəm. Məqsədim vəziyyətin çox strateji və cari təhlükəli olmasına diqqəti çəkməkdir. Sabah İran Borçalıda, Gürcüstanda ikinci Qəzza yarada bilər. Bu gün baxın Qəzzaya... İran Qəzzanı qızışdırıb İsrailin üstünə saldı. İsrail Qəzzanı dağıdır, amma İran adicə bəyanat verə bilmir. Baxın görün orada qadınlar, kişilər, uşaqlar nə gündədir... Deyirəm ki, bunun qarşısını indidən alaq. Məqsədim budur. Göy məscidi erməni Azərbaycandan çıxarıb İran məscidi edib. Bir azdan molla keşiş də yaradacaq. Harada azərbaycanlı var, İran onun ən qatı düşmənidir. İran regionda ən böyük xristiandır. Müsəlmanlıqla əlaqəsi yoxdur”.
Politoloq vəziyyətin çox təhlükəli olduğunu qeyd edib: “Mən orada nə qədər arqument sadalamışam, “təhqir edirsən” deyən ziyalılar onları niyə görmür? Bəli, Borçalı dahiləri yetişdirib, amma bugünkü Borçalı ziyalısı deyilən şəxsə baxın. Görün nə qədər cılızlaşıb. ABŞ Konqresində Gürcüstan azərbaycanlılarının İran tərəfindən idarə olunduğu və Gürcüstan üçün təhlükə kimi verilir. Sabah Gürcüstandankı azərbaycanlıların deportasiya məsələsini qaldırarlar. İndi Gürcüstanın üstündə Rusiya, Avropa İttifaqı, Amerika arasında mübahisə var, amma azərbaycanlıların deportasiyasını qaldıranda bu üç güc azərbaycanlılara qarşı birləşəcək. Erməni boyda düşmənimiz var. Erməni bizimlə müharibə vəziyyətindədir, mən bilirəm regionda nə var, nə yoxdur... Ad çəkmirəm, amma şübhəm İrandır, İranın adamlarıdır və orada bizim həbsdə olan məşhur dövlət adamının kürəkənidir. Məsələni böyütsələr, üstünə gedəcəyəm, hər şeyi danışacağam. Məqsədim Borçalı insanlarını təhqir etmək deyil, özümü Borçalı hesab edirəm. O qədər problemin içindəyəm, indi mənim üstümə İranın sözü ilə kimsə qışqırır”.
Şəhanə Qədirli