“Filankəs etikadan kənar danışdı”, “etikadan kənar hərəkət etdi” və s. kimi iradları cəmiyyətdə hər on nəfərdən səkkizindən eşidirik. Bunun kimi, yerli-yersiz işlədilən nəzakətli ifadələr də var. Hətta o dərəcədə ki, bəzən insanlar ailə üzvlərini təqdim edərkən sözə “çox üzr istəyirəm” deyərək başlayırlar.
Bəs görəsən, hər kəs etika qaydalarını bildiyinə əmindirsə, bu səhvləri edənlər kimlərdir?
Ümumiyyətlə, etik kodeks nədir? Biz cəmiyyətdə bilmədən hansı səhvlərə yol veririk? Bu səhvlər bizim cəmiyyətdəki imicimizi necə zədələyir?
Oxu.Az-ın bu və digər suallarını Etika Akademiyasının rəhbəri Günel İbrahimli cavablandırıb:
- Günel xanım, hansı qurumlarla əməkdaşlıq edirsiniz? Təlimlərin hazırlanması zamanı hansı tədris bazasından istifadə edirsiniz?
- Dövlət qurumlarında hər zaman peşə etikası ilə bağlı imtahanlar təşkil olunub. Bizimlə əməkdaşlıq çərçivəsində isə əlavə ünsiyyət, daxili harmoniyanı qoruyub-saxlamaq üçün korporativ etiket təlimlərinə görə müraciət edilir. Yeni təyin olunan əməkdaşlara protokol qaydaları təlimləri üzrə xidmət veririk. Təhsil Nazirliyi, Bakı Şəhəri Təhsil İdarəsi ilə etiket dərnəkləri çərçivəsində əməkdaşlıq edirik. Ədliyyə Nazirliyi nəzdində Ədliyyə Akademiyasında hakimliyə namizədlərə protokol və natiqlik mövzularında, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nitq mədəniyyəti üzrə və s. xidmətlər göstəririk.
- Müraciət edən gənclər arasında təlimləri yüksək səviyyədə başa vuranlar işlə təmin oluna bilirlərmi?
- Təlimlərimizdən yararlanan gənclər etiket qaydaları ilə bərabər, gözəl danışıq sənətinə, etik idarəetmə üslubuna da sahib olurlar. Bizim təlimlər və təqdim etdiyimiz sertifikatlarla gənclərimiz effektiv karyera qururlar. Tövsiyə məktublarımıza şirkətlər inam və rəğbətlə yanaşırlar. Çünki texniki biliklərlə yanaşı, davranış və bacarıqlar da çox önəmlidir. Texniki biliklərə yiyələnən çox gənc ola bilər, lakin ədəbli və bacarıqlı gənc tapmaq çətindir.
- Bu gün cəmiyyətdə etiket qaydalarını bilənlər çoxdur, yoxsa bundan anlayışı belə olmayanlar?
- Azərbaycan cəmiyyəti etikanı, ədəbi qoruya bilən millətlər sırasındadır. Çünki ailə tərbiyəmiz güclüdür. Bəzən cəmiyyət institutunda bilməli olduğumuz məqamlar var ki, onlar oxunmalı və öyrənilməlidir. Etika fəlsəfənin bir qolu olduğu üçün dərindir. Onu tam öyrənmək mümkün deyil, lakin dərk etmək, araşdırmaq sizi daha müdrik biri edəcək. Etika sizin ağıl sakitliyiniz, ruh sağlığınız, qərarlarınızın ədalətliliyi, ünsiyyətinizin mükəmməlliyidir.
- Bununla bağlı sizə müraciət edənlərə ilk olaraq nə tövsiyə edirsiniz?
- Özünüzə arzulamadıqlarınızı başqalarına da arzulamayın. Niyyətiniz gözəl olsa, bu, hərəkətlərinizə də mütləq yansıyacaqdır.
- Rastlaşdığınız ən etikasız davranış, ifadə hansıdır?
- Bir çox sözlər var ki, hərfi mənada təhqiredici deyil, amma onları heç istifadə etməsək, yaxşıdır. Məsələn, “Ey! Sənə deyirəm”, “Sənə nə var?”, “Nə gündəsən?”, “Sənlik deyil?”, “Axı kimsən sən?” kimi ifadələr etik kodekslərə uyğun deyil. Eləcə də xanımlara xitabən deyilən “Az...” müraciət forması da doğru deyil.
- Bəzən insanlar ailə fərdlərindən danışanda “çox üzr istəyirəm, həyat yoldaşımdır” deyə ifadə işlədirlər. Digər bir qrup isə bunun utanılacaq, üzr istəniləcək bir durum olmadığını deyir. Bəs etik kodeks nə deyir?
- Ailə həm özəldir, həm də cəmiyyətin əsas fundamentidir. Ailənin mahiyyətində sədaqət, birlik durur. Bəzi ifadələr stereotip xarakteri daşıyır. Hər sözün yeri var, məclisi var. Yerində və məclisində danışılanda üzr istəməyə gərək qalmır.
- Hər kəsin şikayətləndiyi növbə mədəniyyəti… Etikada bu necə tənzimlənir?
- Hər yerdə olduğu kimi, ilk gələn birincidir. İstisna hal olaraq çox yaşlı, hamilə qadın, sağlamlıq imkanları məhdud olan şəxslərə öncüllük verilir. Lakin bu öncüllüyü istəyib-istəmədikləri barədə də soruşmalıyıq.
- Ümumiyyətlə, bəzən etika dedikdə sırf qadın-kişi arasında bir-birinə münasibətlərlə kifayətlənirik. Bu belədir, yoxsa necə?
- Etika dəyərlər anlayışı, onlara sadiq qalmağı öyrənən və öyrədən bir elmdir. Nəsrəddin Tusinin sözləri ilə desək, “Etika - insanları alçaq dəyərlərdən yüksək dəyərlərə ucaldan bir elmdir”. Bu, insan cəmiyyətinin var olmağının, birgə yaşamağın elmidir.
- Küçədə ucadan danışaraq gəzmək, masa arxasında ağzını marçıldadaraq yemək - insanın sərbəstliyidir, yoxsa qınanmalıdır?
- Düşünürəm, bu sualın özündə cavab var (gülür). Köməyə ehtiyacınız yoxdursa, qışqırmayın. Yemək nə qədər səssiz yeyilirsə, sizinlə vaxt keçirtmək bir o qədər xoşdur (gülür).
- Siz özünüz hansı etik qaydaları pozan şəxslərə şəxsən müdaxilə edərək səhvini düzəltməsini istəmisiniz?
- Belə bir misal var, “insanın əlində çəkic olanda hər yerdə mismar görər”. Etika ilə məşğul olmağımız çox yerdə incəlikləri görməyə vadar edir. Sürücülərin əsəbdən siqnal səsindən istifadə etmələrinə, siqaret qutusunu, içdiyi suyun plastik qabını maşının pəncərəsindən tullamasına, tanımadığım insanların “Sən” deyə müraciətinə, kafe-restoranlarda natəmizliyə, valideynlərin ictimai yerlərdə uşaqlarına tərbiyə verməsinə etirazımı bildirmişəm.
- Bəzən deyirlər ki, xanımlar əl uzatmadan onlara əl uzadaraq salam vermək hörmətsizlikdir, bu belədirmi?
- İşgüzar mühitdə cins ayrımı yoxdur. Vəzifəcə böyük birinci əl uzatmalıdır. Həyatda isə qadın əl verib görüşmək istəyirsə, ilk olaraq o, kişiyə əlini uzatmalıdır. Hazırda insanların gigiyena qaydalarına olan həssaslığı nəzərə alınaraq əl uzatmamaları daha məqbul sayılır.