Məlum olduğu kimi, Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin dayandırılması və vaxtından əvvəl bərpası ilə bağlı qərarların məhkəmədən alınaraq müvafiq icra hakimiyyəti orqanına verilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, QHT-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı məhkəmə verir. Təklif olunan dəyişiklik qəbul edilərsə, QHT-lərin, eləcə də xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ilədək dayandırıla biləcək. QHT-lərin şəffaflıqla bağlı tələblərə əməl etməməsi, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri yerinə yetirməməsi fəaliyyətin dayandırılması üçün əsaslar sırasında olacaq. Ancaq bu təklifi QHT fəaliyyətinin qadağan edilməsi, fəaliyyətə maneə kimi qələmə verənlər də var.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması ilə bağlı təklifə münasibət bildirərkən əvvəlcə nəyin dəyişdiyini də izah etmək lazımdır:

“Təşkilatın fəaliyyətinin bir ilədək dayandırılması imkanı mövcud qanunvericilikdə var. Hazırda qanunda göstərilən hallarda belə qərarı məhkəmə qəbul edir. Təklif olunan dəyişiklik isə bu səlahiyyətin müvafiq icra hakimiyyəti orqanına verilməsini eyni zamanda dayandırmanın əsaslarının genişləndirilməsini nəzərdə tutur. Bu təşkilatın hüquqi müdafiəsinə bilavasitə təsir edən dəyişikliklərdir. QHT-lər qanunvericiliyin şəffaflıq və hesabatıq əməllərinə riayət etməli, aldıqları vəsaitin mənbəyini və istifadəsini qanunun müəyyənləşdirdiyi qaydada göstərməlidirlər. İctimai etimad bunu tələb edir. Çünki hər bir vətəndaşımız vətəndaş cəmiyyəti strukturları, təşkilatları tərəfindən onlara göstərilən xidmətin hansı hesaba həyata keçirməsini bilmək istəyirlər. Yəni başqa sözlə desək, layihələr üçün aldıqları vəsaitin mənbələri kimdən alınıb və eyni zamanda onun istifadəsi necə həyata keçib. Qanunvericilikdə nəzərdə tutulan qaydada olub ya yox... Əgər bunların hamısı şəffaf və hesabatlı olacaqsa, sözsüz bu ictimai etimadı daha da yüksəldəcək”.
Ə.Nuriyev qeyd edib ki, təşkilatın bütün fəaliyyətinin dayandırılması ağır hüquqi nəticələr doğurduğundan belə tədbirin tətbiqi üçün əsaslar və təminatlar xüsusilə aydın olmalıdır: “Çünki istənilən təşkilatın fəaliyyətinin dayandırılması bir sıra ağır nəticələrə gətirib çıxarır və ona görə də belə hallarla bağlı hər şeydən öncə qanunvericilik əsaslar və təminatları aydın şəkildə ifadə etməlidir və aydın şəkildə təsbit olunmalıdır. Hesab edirəm ki, məcburi dayandırma ilə bağlı qərarın məhkəmə tərəfindən qəbul edilməsi qaydasının saxlanılması daha əsaslıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsi də ictimai birliklərin sərbəst fəaliyyətinə təminat verir və qanunları pozan birliklərin fəaliyyətinə xitamın da yalnız məhkəmə qaydası ilə verilməsini nəzərdə tutur. Bu baxımdan pozuntunu müəyyən edən inzibati orqanın mövqeyi ilə təşkilatın etirazı fəaliyyət dayandırılmamışdan əvvəl məhkəmədə qiymətləndirilməlidir. Sonradan məhkəməyə müraciət etmək imkanı əhəmiyyətli sayıla bilər, lakin fəaliyyətinin artıq dayandırılmasının yaratdığı itkiləri həmişə aradan qaldırmaq mümkün olmur. Burada dəyişikliyin ehtiyacının əsaslandırılması da vacibdir. Mövcud məhkəmə proseduru hansı konkret çətinlik yaradır ki, biz bu vəziyyəti dəyişmək istəyirik? QHT-nin fəaliyyətinin dayandırılma prosedurunu müvafiq icra hakimiyyətinin qərarı ilə icra olunmasını təklif edirik. Bundan öncə məhkəmə prosedurunun hansı çətinlik yaratması əsasları göstərilsə düşünürəm ki, bu məsələdə tam aydınlıq yarana bilər. Əgər burada məsələ, məqsəd operativlikdirsə belə işlərə məhkəmədə daha qısa müddətdə baxılması məgər problemi həll edə bilmir? Qanun layihəsinin izahında bu məsələyə cavab verilməsi onun zəruriliyini və gözlənilən nəticəni düzgün qiymətləndirməyə imkan yaradar. Konstitusiyanın 58-ci maddəsi birliklərin sərbəst fəaliyyətinə təminat verir. Qanunları pozan birliklərin fəaliyyətinə xitamın yalnız məhkəmə qaydasında verilməsini nəzərdə tutur”.
Hüquqşünas bildirib ki, müvəqqəti dayandırma ilə xitam hüquqi baxımdan fərqli anlayışlardır: “Bununla belə dayandırmanın müddəti və nəticələri Konstitusiyanın 71-ci maddəsini nəzərdə tutaraq mütənasiblik tələbinə uyğun qiymətləndirilməlidir. Məsələn, həssas ailələrə hüquqi yardım göstərən təşkilatın fəaliyyətinin uzun müddət dayanması həmin insanların yardımdan məhrum qalmasına, layihənin yarımçıq kəsilməsinə səbəb ola bilər. Sonradan fəaliyyət bərpa edilsə də, itirilmiş maliyyə dəstəyi və əməkdaşları geri qaytarmaq çətinlik yaradar. Qərar qəbul edilərkən bu nəticələrin də nəzərə alınması məqsədəuyğun olardı. Hesabatdakı aradan qaldırıla bilən nöqsanla terrorçuluğun maliyyələşdirilməsinə dair konkret təhlükə fərqli yanaşma tələb edir. Adi pozuntular zamanı təşkilata nöqsan dəqiq bildirilməli, izahat vermək və onu aradan qaldırmaq üçün ağlabatan müddət tanınmalıdır. Tam dayandırma tətbiq edilirsə, daha yüngül tədbirin niyə kifayət etmədiyi də əsaslandırılmalıdır. Təcili təhlükə ilə bağlı inzibati müdaxilə nəzərdə tutulacaqsa onun müddəti qısa olmalı və dərhal məhkəmə yoxlaması təmin olunmalıdır. Yəni məhəməyə verilməli və araşdırılmalıdır. Fəaliyyətin vaxtından əvvəl bərpasının sadələşdirilməsini isə ayrıca qiymətləndirmək lazımdır. Pozuntu aradan qaldırıldıqdan sonra təşkilatın fəaliyyətinə tez qayıtması müsbət nəticə verə bilər. Bunun üçün bərpanın meyarları və qərarın qəbul ediləcəyi müddət qanunda dəqiq göstərilməli, əsassız gecikmələrə yol verilməməlidir. Bu təklifi bütün QHT-lərin fəaliyyətinə ümumi qadağa kimi də təqdim etməzdim. Ancaq ilkin məhkəmə nəzarətinin götürülməsi barədə narahatlıq müzakirə olunmalıdır və düşünürəm ki, layihənin növbəti müzakirəsində QHT nümayəndələrinin və hüquqşünasların iştirakı ilə həmin təminatların da dəqiqləşdirilməsi məqsədəuyğun olardı. Şəffaflıq tədbirləri gücləndirilərkən qanuni fəaliyyət göstərən təşkilatın hüquqi müdafiəsi də qorunmalıdır”.
Şəhanə Qədirli