Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və müvafiq şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 17-də növbəti imtahan keçirəcək.
DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən namizədlərin məlumatları DİM-ə təqdim olunub. Həmin şəxslər noyabrın 20-si saat 17:30-dan dekabrın 7-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, daha sonra “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba vəsaitin əlavə edilməsi qaydaları ilə bağlı təlimatlar da müvafiq elektron xidmətdə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”lərinin pul hesabına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən şəxslərin ödədikləri məbləğ geri qaytarılmır.