Əməkdar artist, şairə Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv seçildiyini açıqlayıb. O, verilişdə çıxışı zamanı azərbaycanlı qadın şairin Türkiyədə də belə bir uğur qazanmasının fəxr ediləsi hadisə olduğunu bildirib. Sənətçi Azərbaycanda Yazıçılar Birliyinə üzv olduğu vaxt bəzi kişilərin buna etiraz etdiyini və uğurunu qısqanclıqla qarşıladığını iddia edib.
Pravda.az-a açıqlama verən şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Paşayev deyib ki, Türkiyə Azərbaycan kimi deyil, böyük ölkədir və orada ictimai təşkilat, QHT olaraq bəlkə 200 yazıçılar birliyi var.
O bildirib ki, 5 nəfər bir yerə toplaşaraq QHT təsis edirlər: “Avrasiya Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi var. Bir dəfə bir dostumuz köhnə qapının şəklini çəkib göndərmişdi, üzərində Türkiyə Yazarlar Birliyi yazılmışdı. Məndən soruşdu ki, bu niyə bu gündədir? Deyirəm, kiçik təşkilatdır, özləri üçün açıblar. Belə təşkilatların Azərbaycanda yüzlərlə üzvləri var. Yəni kiçik-kiçik müstəqil təşkilatlardır, kimi istəyirlər, üzv edirlər. Onlarda bizimki kimi nüfuzlu, mərkəzləşdirilmiş hansısa bir birlik yoxdur. Hər şəhərin özünün bir yazıçılar birliyi var. Böyük adlar qoyurlar”.
Yazıçı Azərbaycanda yüzlərlə yaxşı ədəbi əsərlər, onlarla yaxşı kitablar çıxsa da, bunların kimsə üçün maraqlı olmamasından narazılığını bildirib: “Elza Seyidcahan bir şey danışan kimi onu gündəmə çevirirlər. Yaxşı şeylərdən danışın. O qədər gözəl uğurlarımız var. Bizim yazıçılar, şairlərimizin xaricdə kitabları çıxır, əsərləri çap olunur, uğurlar qazanırlar. Bu kiminsə yadına düşmür. Adam tanıyıram ki, deyir, Nyu-York akademiyasının üzvüyəm və s. Akademiya, yazıçılar birliyi, təşkilatlar, bilirsiniz, müstəqil qurumlar nə qədərdir? Avropada yüzlərlə akademiya var. Şəxsidir, insanlar QHT yaradırlar, adını qoyurlar “sənət akademiyası”, sonra da oraya üzv yığmağa başlayırlar. Ora da bizimkilər gedir, 100 dollar verib üzv olurlar, sonra deyirlər ki, Avropa Sənət Akademiyasının üzvüdürlər və s. Eyni şey festivallara da aiddir. Yüzlərlə festival var, aidiyyatı olmayan filmə görə 100 dollar ödəyirsən, sənə sertifikat verirlər ki, festivalın qalibi olasan. Yəni belə şeylər sadəcə cəmiyyətdə manipulyasiya yaratmaq üçündür. Bu səbəbdən də əhəmiyyət verməmək lazımdır”.
Şəhanə Qədirli