Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda sakinlərlə danışığı sosial şəbəkələrdə müzakirə edilir. Onun rayon sakinləri ilə söhbətini səmimi adlandıranlarla yanaşı görüntü xətrinə etdiyini deyənlər də kifayət qədərdir. S.Orucovun yaşlı vətəndaşa “sən” deyə xitabı etməsi isə tənqid edilir.
Məsələyə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, əslində icra başçısının insanlar arasına çıxmağı, onlarla səmimi söhbət etməyi, dərdləri ilə maraqlanmağı ümumilikdə faydalıdır.

O qeyd edib ki, bu, təbliğat, reklam xətrinə olursa, istər-istəməz özünü göstərir: “Məmurun vətəndaşa “sən” deyə müraciət etməsi təbii ki, siyasi etik baxımından doğru deyil, amma hər halda orada səmimi ortam varsa, ola bilər. Yəni bunları hansısa bir protokol üzərinə uyğunlaşdırmaq doğru deyil, icra başçısı vətəndaşa “siz” deməlidir və ya vətəndaş icra başçısını görəndə ayağa qalxmalıdır və s... Mühitdən, hadisələrin gedişatından çox şey asılıdır. Bu məsələyə xüsusi siyasi don geyindirmək istəmirəm, cəhd edib, bazarı gəzib. Qoy bütün kəndləri gəzsin, insanlarla görüşsün problemləri ilə maraqlansın, nəisə etməyə çalışsın, dəstəkləyək. Yoxsa görüntü xətrinə gedib alver edənlərə “sən burada nə qədər satırsan, nə edirsən?” demək, məsələn, tutaq ki, az satır, nə deyirsən, təklifin nədir? Bazarımı genişləndirək? Bu, ola bilsin ki, sırf görüntü üçün olub, amma hər halda insanlar qiymətləndirir. İstəmirəm, qərəzli görünüm, Seymur Orucovu YAP-ın Gənclər Təşkilatının sədri olan vaxtdan tanıyıram. Mən də o zaman başqa partiyada gənclər təşkilatının sədri idim. Təbliğat xətrinə deyil, iş görmək xətrinə davam etsin, kəndlərə getsin, fermerlərlə danışsın, bağçaların, məktəblərin vəziyyətinə baxsın. Suvarılan, suvarıla bilməyən ərazilərlə maraqlansın, öz vəzifə səlahiyyətləri çərçivəsində cəhd etsin. Amma bu məsələdə səmimi və ya qeyri-səmimi olması texniki məsələlərdir, insanlar onsuz da məlumatlıdırlar və yaxşı bilirlər ki, kim səmimi, kim qeyri-səmimidir”.
Şəhanə Qədirli