Skuterlərin paytaxtın xüsusən mərkəzi yollarında həddindən artıq təhlükə yaratmaları ilə bağlı narahatlıqlar artmaqdadır. Avtomobil yollarında, piyada xətlərində baş verən qəzaların əksəriyəti skuterlərin payına düşür. Ələlxüsus da, yolun əksi istiqamətində, avtobus zolaqlarında qulaqcıq taxaraq skuter sürənlər yollarda təhlükə yaradırlar. Bu səbəbdən skuterlərin hərəkətinin məhdudlaşdırılması təklif edilir.
Bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, skuterlərlə bağlı narahatlıqları başadüşüləndir.

Deputat vurğulayıb ki, son dövrlər bu nəqliyyat vasitələrinin şəhər yollarında, xüsusilə də, avtobus zolaqlarında hərəkəti müəyyən təhlükəsizlik problemləri yaradır: “Sürücülərin qulaqcıqdan istifadə etmələri, yol hərəkəti qaydalarına əməl etməmələri, sürət həddini aşmaları və piyadaların təhlükəsizliyini nəzərə almamaları qəza riskini artıran amillərdəndir, lakin məsələnin həlli skuterlərin hərəkətini bütövlükdə məhdudlaşdırmaq deyil. Skuter artıq müasir şəhər nəqliyyatının bir hissəsinə çevrilib. Bir çox insan ondan gündəlik gediş-gəliş üçün istifadə edir. Burada əsas məsələ bu nəqliyyat vasitələrinin nizamsız və nəzarətsiz hərəkətinin qarşısını almaqdır. Mövcud velosiped zolaqlarından skuterlər də istifadə edir. Velosiped zolaqları olmayan ərazilərdə isə avtobus zolaqlarından istifadə imkanı saxlanıla bilər. Bununla yanaşı, həmin zolaqlarda hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Qulaqcıqdan istifadə, təhlükəli manevrlər, sürət həddinin aşılması və digər qayda pozuntularına görə xəbərdarlıq və münasib məbləğdə cərimələr kimi yüngül, lakin təsirli məsuliyyət mexanizmləri tətbiq oluna bilər. Digər tərəfdən, skuter icarəsi ilə məşğul olan şirkətlərin də məsuliyyəti artırılmalıdır. Onlar istifadəçilərin qaydalarla tanış olmalarıına, təhlükəsizlik tələblərinə əməl etmələrinə və skuterlərin düzgün yerlərdə saxlanılmalarına görə məsuliyyət daşımalıdırlar. Unutmamalıyıq ki, yollarda təhlükəsizlik hamının ortaq məsuliyyətidir. Nə avtobus sürücüsü, nə skuter istifadəçisi, nə də piyada özünü təhlükə altında hiss etməlidir. Məqsədimiz skuterləri şəhərdən çıxarmaq deyil, onların digər hərəkət iştirakçıları üçün təhlükə yaratmadan istifadəsini təmin etməkdir”.
Aytəkin Qardaşova