Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Uşaq vaxtı peyvənd edilməyən 25-30 yaşlı şəxslərin NƏZƏRİNƏ: Onlar da...

Paylaş:
Uşaq vaxtı peyvənd edilməyən 25-30 yaşlı şəxslərin NƏZƏRİNƏ: Onlar da...
Bizi Google News-da izləyin

Cəmiyyətdə peyvənd məsələsinə münasibətdə ciddi narahatlığın olması ilə bağlı müzakirələr davam edir. Xüsusilə, soyuq aylarda böyüklər arasında da infeksiyaların yayılması uşaqlıq dövründə vurulmalı olan peyvəndlərdən yayınan, artıq 25-30 yaşına çatmış şəxslərin bu peyvəndləri sonradan qəbul etmələri məsələsi gündəmə gətirilib.

Bununla bağlı Pravda.az-ın suallarını cavablandıran professor Adil Qeybullanın sözlərinə görə, müəyyən tədbirlər sistemi olmalıdır ki, bəzi məsələlər məcburi addıma çevrilsin.

A.Qeybulla vurğulayıb ki, milli peyvənd tədbiri çox vacib məsələdir: “Peyvəndin istənilən yaşda vurulması mümkündür. Milli peyvənd təqvimi pozulanda hər şey pozulur.  Ümumdünya Səhiyyə Təşkilatının, dünyanın aparıcı tibbi mərkəzlərinin tövsiyəsi ilə tərtib edilən peyvənd təqvimi var. Buna əməl edilməyəndə insan hər hansı yaşda xəstəliyə tutula, həmin xəstəliyi ağır keçirə bilər, hətta həyatı bahasına başa gələr. 25-30 yaşlı şəxslər də peyvənd oluna bilərlər.  Sabah qızılca yayılsa, onlar da qızılca peyvəndi olunmalıdırlar, həmçinin tetanus, göyöskürək peyvəndi. Yəqin ki, bu adamlar vaxtilə vaksinasiyadan qaçıblar, vaksin vurdurmayıblar.  Pərakəndə vaksinasiya nəyə lazımdır? Vaxtında peyvənd edilsələr, olmazmı?”

Professor deyib ki, uşaqların hər birinin vaxtında düzgün peyvənd olunmaları onları həddindən artıq qoruyur, epidemioloji vəziyyətə nəzarəti ələ almağa imkan verir: “Bir il əvvəl qızılca geniş yayılmışdı. Valideynlərin hər biri əl-ayağa düşmüşdülər, vaksin axtarırdılar. Niyə? Çünki həmin valideynlər uzun müddət idi, uşaqlarını peyvənd etdirmirdilər. Vaksin əleyhinə cəmiyyətdə bir antipatiya, təbliğat gedir ki, bu da çox zərərlidir. Əvvəla, bu gün peyvənd nəticəsində uşaqlar arasında kütləvi tələfat yoxdur. Əvvəllər infeksion xəstəliklərin tüğyan etdiyi vaxtlarda uşaqlar arasında çoxsaylı kütləvi tələfat olurdu. Bundan əlavə, vaksin olunmayan şəxslərin həm öz həyatları təhlükədədir, həm də ətraf üçün təhlükə yaradırlar. Çünki özləri yoluxmaqla yanaşı, digərlərini də yoluxdura bilərlər. Buna görə də hansısa diskriminasiya elementləri olmalıdır. Məsələn, vətəndaşın vaksin kitabçası yoxdursa, vaksin olunmayıbsa, ali məktəbə qəbul ola bilməz, müxtəlif mövqelərdə irəli çəkilə bilməz və sairə. Düzdür, bizdə onu da yalandan yazıb düzəldə bilərlər, amma hər halda bu istiqamətdə müəyyən addımların atılması vacibdir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər