Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Magistrallarda işıqlandırmanın olmaması qəza riskini artırır - AÇIQLAMA

Paylaş:
Magistrallarda işıqlandırmanın olmaması qəza riskini artırır - AÇIQLAMA
Bizi Google News-da izləyin

Son illər bölgələrdə yenidən qurulan və istifadəyə verilən magistral yollarla bağlı vətəndaşların bir sıra haqlı narazılıqları yaranır. Xüsusilə, Qəbələ, Qax, Zaqatala kimi dağlıq ərazilərdən keçən avtomobil yollarında işıqlandırmanın olmaması sürücüləri ciddi təhlükəsizlik problemi ilə üz-üzə qoyur.  Sürücülər gecə saatlarında qaranlıq, döngəli və bəzi hissələrində görmə məsafəsi məhdud olan yollarda hərəkət etmək məcburiyyətində qalırlar. Bəs işıqlandırmanın olmaması qəza riskini artırmırmı? Bu məsələdə hansı alternativ həll yolları mümkündür?

Bu barədə Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Samuran Səmədbəyli deyib ki, ölkənin bir sıra rayonlarında, magistral yolların işıqlandırılmaması sürücülərin ciddi narahatlığına səbəb olur.

Ekspertin sözlərinə görə, yol infrastrukturu yenilənir, yollar çəkilir və ya əsaslı təmir olunur, lakin süni işıqlandırma nəzərdə tutulmur: “Burada əsas məsələ yolun sadəcə asfalt örtüyünün keyfiyyəti deyil, onun gecə saatlarında təhlükəsiz istismarının təmin edilməsidir. Dağlıq ərazilərdə yolun geometrik parametrləri, kəskin döngələr, yüksəklik fərqləri, məhdud görünmə məsafəsi, yol kənarında heyvanların olması, piyadaların hərəkəti və hava şəraitinin qəfil dəyişməsi sürücülər üçün əlavə risklər yaradır. Bu amillər qaranlıq şəraitdə daha təhlükəli xarakter alır. Sürücü qarşısındakı maneəni, yoldan çıxmış heyvanı, piyadanı, yolun hər hansı zədələnmiş hissəsini və ya təhlükəli döngəni vaxtında görmədikdə, onun reaksiya verməsi və avtomobili təhlükəsiz dayandırması üçün tələb olunan məsafə kifayət etməyə bilər. Nəzərə almaq lazımdır ki, yüksək sürətlə hərəkət zamanı sürücünün görmə və reaksiya imkanları birbaşa qəza riskinə təsir göstərir. Əlbəttə, bütün magistral yolların fasiləsiz süni işıqlandırılması həm texniki, həm də iqtisadi baxımdan zəruri olmaya bilər. Lakin bu, həmin yolların işıqsız saxlanılması üçün əsas kimi qəbul edilməməlidir. Yolun xüsusiyyətlərinə və risk səviyyəsinə uyğun təhlükəsizlik tədbirləri müəyyənləşdirilməlidir. Xüsusilə, kəskin döngələr, yol ayrıcıları, yaşayış məntəqələrinin giriş-çıxışları, piyada keçidləri, körpülər, tunellər, dik eniş və yoxuşlar, qəza riski yüksək olan sahələr mütləq xüsusi qiymətləndirilməlidir. Belə ərazilərdə süni işıqlandırma, işıqqaytarıcı nişanlar, yol kənarlarının reflektiv elementləri, təhlükəsizlik baryerləri və digər mühəndislik tədbirləri tətbiq oluna bilər. Hesab edirəm ki, yol layihələndirilərkən təhlükəsizlik yalnız gündüz saatlarına hesablanmamalıdır. Yol 24 saat istifadə olunur və onun istismar təhlükəsizliyi gecə şəraitində də təmin edilməlidir. Hər hansı magistralın işıqlandırılması layihədə nəzərdə tutulmayıbsa, heç olmasa həmin yolun risk əsaslı təhlükəsizlik auditi aparılmalı, qaranlıq şəraitdə sürücünün görmə imkanları qiymətləndirilməli və əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac olub-olmadığı müəyyənləşdirilməlidir. Yol tikmək insanların bir nöqtədən digərinə çatmasını təmin edir, təhlükəsiz yol infrastrukturu isə onların həmin mənzil başına sağ-salamat çatmasını təmin etməlidir. Buna görə də, xüsusilə, dağlıq və qəza riski yüksək olan ərazilərdə işıqlandırma məsələsinə əlavə xərc kimi deyil, yol təhlükəsizliyinin vacib komponenti kimi yanaşılmalıdır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər