Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.
Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi.
Dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.
Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.
Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd etdi.