Tətbiq edilən məhdudiyyətlər də kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər məhdudlaşdırmaların daha da ciddiləşdirilməsini təklif edirlər.
Azərbaycanda kartdan-karta köçürmələrin həcminin sürətlə artması Mərkəzi Bankın narahatlığına səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov 2025-ci ildə bu əməliyyatların həcminin 66 milyard manata çatdığını, 2026-cı ilin avqust ayına qədər isə 48 milyard manat təşkil etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qədər böyük dövriyyəni yalnız vətəndaşlar arasında şəxsi pul köçürmələri ilə izah etmək mümkün deyil. T. Kazımov bəzi əməliyyatların vergidən yayınma, qanunsuz mərc oyunlarının təşkili və digər qeyri-qanuni fəaliyyətlərlə əlaqəli olduğunu bildirib. Məhz bu riskləri nəzərə alaraq bank sektorunda kartlara gündəlik beş mədaxil əməliyyatı və aylıq 20 min manat limitinin tətbiqi dəstəklənib. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?
Vergidən yayınma riski artır
İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, kartdan-karta köçürmələrin iqtisadi mahiyyət baxımından nağd pulun əlbəəl verilməsindən ciddi fərqi yoxdur. Onun sözlərinə görə, bir şəxs digərinə 100 manat nağd pul verdikdə bu əməliyyat necə rəsmiləşdirilmədən həyata keçirilə bilirsə, kartdan-karta köçürmə zamanı da eyni vəziyyət yarana bilər. Bu baxımdan, əsas məsələ pulun hansı formada ötürülməsi deyil, əməliyyatın iqtisadi mahiyyəti və vergitutma baxımından necə rəsmiləşdirilməsidir.
Ekspert bildirib ki, kartdan-karta köçürmələr banklar üçün də xüsusi gəlir mənbəyi hesab olunmur. Belə əməliyyatlarda bankların gəlirləri məhdud olur, müəyyən məbləğədək köçürmələr komissiyasız həyata keçirilir, limit aşıldıqda isə xidmət haqqı tətbiq edilir.
X. Kərimlinin fikrincə, hazırda tətbiq edilən məhdudiyyətlərin əsas səbəblərindən biri fiziki şəxslərin şəxsi bank kartlarından sahibkarlıq fəaliyyəti və vergidən yayınma məqsədilə istifadə edilməsinin qarşısını almaqdır. O qeyd edib ki, bank sektorunda tətbiq olunan qaydalara əsasən, adi debet və kredit kartlarına gündəlik beşdən artıq mədaxil əməliyyatı və ay ərzində 20 min manatdan çox vəsait daxil olması standartdan kənar hal kimi qiymətləndirilir. Lakin vətəndaş banka müraciət edərək əməliyyatlarının mahiyyətini əsaslandıra bilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər. Söhbət VÖEN-ə bağlı biznes kartlarından deyil, fiziki şəxslərin şəxsi kartlarından gedir.
Məhdudiyyətlər qeyri-rəsmi dövriyyəni azaldacaqmı?
Ekspert hesab edir ki, Mərkəzi Bank və bank sektoru vergidən yayınma hallarının geniş yayılması üçün əlverişli şəraitin qalmasında maraqlı deyil. Onun sözlərinə görə, ölkədə əhalinin orta gəlirləri və adambaşına düşən ümumi daxili məhsul göstəriciləri məlumdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşın hesabına hər ay 20 min manatdan artıq vəsait daxil olmasının iqtisadi əsaslandırılması suallar doğurur.
X. Kərimli digər risk kimi qanunsuz sahibkarlıq fəaliyyətini, qumar və mərc oyunlarını, eləcə də onlayn kazinolarla əlaqəli pul köçürmələrini göstərib. Onun fikrincə, tətbiq edilən məhdudiyyətlər bu cür qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısının alınmasına xidmət edir.