Təhsil sektorunda fəaliyyət göstərən bəzi məmurlar vəzifədən getdikdən sonra da bu sahədən uzaqlaşmayıblar. Onlar daha əvvəl təhsil siyasətinin formalaşmasında iştirakçı olsalar da, ardınca karyeralarını akademik mühitdə, universitetlərdə davam etdiriblər.
Bu kontekstdə Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) daha çox fərqlənir. Belə ki, bir vaxtlar təhsil sahəsində mühüm qərarlar verən şəxslərin vəzifədən ayrıldıqdan sonra üz tutduqları mühüm ünvanlardan biri məhz BDU-dur.
Onlarla bağlı məlumatları təqdim edirik:
Misir Mərdanov - 1989-cu ildən 1992-ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrini tutub. 1992-1996-cı illərdə BDU-da tədris işləri üzrə prorektor, 1996-1998-ci illərdə isə rektor vəzifəsində çalışıb. Misir Mərdanovun karyerasının əsas mərhələsi 1998-ci ildən 2013-cü il aprelin 18-nə qədər olan dövrü əhatə edir. Bu illərdə o, təhsil naziri olub. Cari ilin yanvar ayından isə sabiq nazir universitetin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.

İradə Hüseynova - 1985-2005-ci illərdə BDU-da müəllim olan İradə Hüseynova 2002-ci ildə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2011-ci ilə qədər bu vəzifəni tutub. Sabiq nazir müavini hazırda BDU-da Qafqaz xalqları tarixi kafedrasının müdiridir.


