Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ölkəmizin xarici siyasət strategiyasında Asiya regionu ilə əlaqələrin genişləndirilməsinə verilən önəmin növbəti təzahürüdür. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, müstəqil və çoxşaxəli xarici siyasət kursu, müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atdığı addımlar Vyetnamla münasibətlərin də yeni məzmunla zənginləşməsinə geniş imkanlar yaradır. Tarixi dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri siyasi dialoq, diplomatik əməkdaşlıq və iqtisadi tərəfdaşlıq baxımından mühüm perspektivlər vəd edir. Bu münasibətlərin əsasında təkcə bugünkü siyasi maraqlar deyil, həm də ötən əsrə söykənən tarixi dostluq ənənələri dayanır. Dövlət başçısının hazırkı səfəri də məhz mövcud siyasi etimadın konkret iqtisadi layihələrə, investisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Enerji, nəqliyyat-logistika, ticarət, sənaye, müdafiə, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin potensialından daha səmərəli istifadə etməyə imkan verəcək.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan–Vyetnam münasibətləri, təxminən, yetmiş illik tarixə malikdir və bu gün strateji tərəfdaşlıq səviyyəsindədir.

Deputat xatırladıb ki, münasibətlərin təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub: “1983-cü ildə Ulu Öndər Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlıqda əsl sıçrayış oldu. Ümummilli Liderin təşəbbüsü ilə səfər səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan verdi. 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Prezident Çıonq Tan Şanqın cavab səfəri baş tutdu. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin may ayında baş tutan Azərbaycana ilk dövlət səfəri münasibətlərdə yeni mərhələ açdı. Danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş spektri əhatə etdi, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olundu. Hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və iki ölkənin hakim partiyaları arasında da əməkdaşlıq davam edir. Ölkələr BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində də yaxın qarşılıqlı fəaliyyət göstərir. 2025-ci ildə ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bu göstəricinin hələ real imkanları əks etdirmədiyini düşünürəm. Neft sektoru tarixən əməkdaşlığın əsasını təşkil edir. 2025-ci ildə SOCAR və Petro Vietnam arasında imzalanan Anlaşma Memorandumu kəşfiyyat, işlənmə, texniki xidmətlər və mütəxəssis hazırlığını əhatə edir. Vyetnamın “ROX Group” şirkəti tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrində maraqlıdır. Şirkətlə sənədlər 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb. 2026-cı ilin yanvar–sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Orta Dəhliz və “Şimal–Cənub” dəhlizi Vyetnamdan Avropaya yüklərin daşınması üçün imkanlar açır”.
Deputat bildirib ki, Heydər Əliyev Fondu Vyetnamla humanitar əlaqələrin dərinləşməsində fəal rol oynayır: “Fond Ha Giang əyalətində ibtidai məktəb tikib və təhsil proqramlarını dəstəkləyir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı rəhbərlərlə və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib. Təhsil əlaqələrinin tarixi də zəngindir. Sovet dövründə, təxminən, 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağı açılıb. Bu, görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib. Bu gün Vyetnam nümayəndələri Qoşulmama Hərəkatı üzvü ölkələrin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak edə bilirlər. Mədəni əlaqələr də on illərə söykənir. Qara Qarayev 1955-ci ildə ilk Sovet–Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib. Rejissor Əjdər İbrahimov 1959–1962-ci illərdə Vyetnamda yaşayıb, milli kino məktəbinin formalaşmasına kömək edib. Onun “Vyetnamda gördüklərim” kitabı Vyetnam dilinə tərcümə olunub və bu il Hanoyda təqdim edilib. 2026-cı ildə keçirilən dördüncü Vyetnam Günləri ilk dəfə iki şəhəri, Bakını və Qəbələni əhatə edib. Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusu da Azərbaycanda nəşr olunub. Azərbaycan 2024-cü ildə “Yaqi” fırtınasının və 2025-ci ildəki daşqınların nəticələrini aradan qaldırmaq üçün Vyetnama maliyyə yardımı göstərib. Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və energetika mərkəzidir. Tərəflər birgə layihələr, yeni bazarlara çıxış və investisiya imkanlarının genişləndirilməsi üçün böyük potensial görür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri zamanı baş tutan yük səviyyəli görüşlər və imzalanmış sənədlər tərəfdaşlığın dərinləşdirilməsində növbəti mühüm addım kimi tarixdə qalacaq”.
Politoloq Aytən Qurbanova isə bildirib ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya istiqamətinin genişləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır:

“Bakı ilə Hanoy arasında onilliklər ərzində formalaşmış tarixi dostluq münasibətləri artıq yeni geosiyasi və iqtisadi reallıqlar əsasında strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilir. Bu proses Azərbaycanın beynəlxalq əlaqələrini şaxələndirmək, yeni iqtisadi tərəfdaşlar qazanmaq və Asiya ilə Avropa arasında mövqelərini gücləndirmək strategiyasının tərkib hissəsidir. Azərbaycan–Vyetnam münasibətlərinin bugünkü səviyyəsini şərtləndirən əsas amillərdən biri onun möhkəm tarixi əsaslara söykənməsidir. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında dostluğun və əməkdaşlığın inkişafında mühüm mərhələlər olub. Bu əlaqələr sonradan müstəqil dövlətlər arasında diplomatik münasibətlərin formalaşması ilə yeni məzmun qazanıb. Lakin münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidi 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə bağlıdır. Sənədin əhəmiyyəti ondadır ki, əməkdaşlıq ənənəvi siyasi dialoqla məhdudlaşmır, energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik kimi strateji sahələri də əhatə edir. Bu tərəfdaşlığın Azərbaycanın milli maraqları baxımından əsas üstünlüyü iqtisadi əlaqələrin coğrafiyasını genişləndirmək imkanlarıdır”.
A.Qurbanova vurğulayıb ki, Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm enerji və logistika mərkəzidir: “Bu iki iqtisadi məkanın qarşılıqlı əlaqələndirilməsi hər iki ölkəyə yeni bazarlara çıxış imkanı verə bilər. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi münasibətlərin iqtisadi əsaslarının genişləndiyini göstərsə də, mövcud potensialla müqayisədə bu göstərici hələ məhduddur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, əsas məqsəd siyasi razılaşmaları konkret investisiya layihələrinə, istehsal və ticarət əlaqələrinə çevirməkdir. Heç şübhəsiz ki, energetika əməkdaşlığı bu münasibətlərin ənənəvi və perspektivli istiqamətlərindəndir. SOCAR ilə PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanın enerji sektorunda topladığı təcrübənin beynəlxalq miqyasda tətbiqi, eyni zamanda Vyetnam bazarında iqtisadi iştirakının artırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycanda günəş və külək enerjisi layihələrinə marağı tərəfdaşlığın ənənəvi neft-qaz çərçivəsindən çıxaraq yaşıl enerji istiqamətində də genişləndiyini göstərir. Səfərin geoiqtisadi əhəmiyyətini artıran əsas məsələlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Müasir beynəlxalq münasibətlərdə nəqliyyat dəhlizləri yalnız iqtisadi marşrut deyil, həm də dövlətlərin geoiqtisadi mövqeyini və regional təsir imkanlarını müəyyənləşdirən mühüm amildir. Vyetnamın Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsi, Azərbaycanın isə tranzit potensialından daha səmərəli istifadə etməsi qarşılıqlı maraqlara uyğundur. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanla Vyetnam arasında tranzit daşımalarının təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu istiqamətdə yeni dinamikanın yarandığını göstərir. Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə Vyetnam yüklərinin Azərbaycan üzərindən Avropa və digər bazarlara çatdırılmasını asanlaşdıra bilər. Siyasi əməkdaşlığın digər mühüm istiqaməti beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətdir. Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı və AQEM platformalarında əməkdaşlığı beynəlxalq məsələlər üzrə siyasi dialoqun inkişafına şərait yaradır. Xüsusilə, Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi ikitərəfli münasibətlərdə siyasi etimadın əhəmiyyətli göstəricisidir. Bu amil onu göstərir ki, Azərbaycan üçün Asiya istiqamətində tərəfdaşlığın genişləndirilməsi yalnız iqtisadi maraqlarla deyil, eləcə də beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsipi ilə bağlıdır. Münasibətlərin davamlılığını təmin edən digər mühüm amil humanitar və mədəni əlaqələrdir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki xalq arasında uzunmüddətli intellektual əlaqələrin formalaşmasına səbəb olub. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri, universitetlərarası əməkdaşlıq, mədəni tədbirlər bu tarixi bağların qorunmasına xidmət edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın xarici siyasətində Şərq istiqamətinin genişləndirilməsi və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin şaxələndirilməsi kontekstində qiymətləndirilməlidir. Qlobal iqtisadi və geosiyasi rəqabətin gücləndiyi şəraitdə Azərbaycanın müxtəlif regionlarla qarşılıqlı faydalı əlaqələr qurması iqtisadi dayanıqlılıq və xarici siyasət imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Vyetnamla strateji tərəfdaşlıq bu baxımdan həm yeni bazarlara çıxış, həm enerji və investisiya əməkdaşlığı, həm də Orta Dəhlizin beynəlxalq bağlantılarının genişləndirilməsi üçün imkanlar yaradır. Azərbaycanın əsas məqsədi də məhz tarixi dostluğu müasir geoiqtisadi imkanlarla birləşdirərək Vyetnamla münasibətləri uzunmüddətli və qarşılıqlı faydalı strateji əməkdaşlıq modelinə çevirməkdir".
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
