Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd etdi.
Dövlətimizin başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirdi və vurğuladı ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.
Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində iki ölkənin uzun müddətdir müxtəlif formatlarda dost və tərəfdaş olduğunu vurğuladı. Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyən qonaq münasibətlərimizin yaxşı perspektivlərə malik olduğunu qeyd etdi.
Miloyko Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.