“Ermənistan hakimiyyəti ilə bərabər, xalqı da yeni Konstitusiyaya və ya sülh müqaviləsinə səs verməlidir. Seçicilər artıq kimin Baş nazir olacağını müəyyənləşdirmirlər, dövlətin hansı ideya əsasında idarə olunacağına münasibət bildirirlər”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Zahid Oruc bildirib ki, İrəvanda “Əliyev Konstitusiyası” adı ilə sənədə qarşı hücum edənlər son otuz ildə işğaldan qazanan, indi isə Qarabağdan əlləri çıxanlardır.
“Revanşist qüvvələr layihənin xalqın müzakirəsinə və səsverməsinə çıxarılmasına mane olurlar. Halbuki ərazi iddiasından əl çəkmək başqa dövlətin Konstitusiyasının qəbulu kimi dəyərləndirilə bilməz. Ermənistanın gələcəyi artıq tarixdə olduğu kimi imperiya mərkəzlərində müəyyənləşmir.
Yeni Konstitusiya layihəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp tarixi TRİPP layihəsinin icrasının rəsmən başlandığını bəyan etdi. Bir vaxtlar Qarabağ münaqişəsi Cənubi Qafqazı hərbi qarşıdurmada və blokadada saxladığı halda, indi region böyük açılıma hazırlaşır”, - deyə o qeyd edib.
Komitə sədri xatırladıb ki, 35 il əvvəl Ermənistanda mütləq əksəriyyət Azərbaycan ərazilərinin qəsb olunmasını tələb edirdi: “Erməni cəmiyyətinin dinc qonşuluğu, yoxsa əbədi məhv olma məfkurəsi olan torpaq iddialarını seçəcəyi onların taleyini müəyyənləşdirəcək. Lakin referendumun nəticələri xarici dövlətlərin yox, sadə vətəndaşların iradəsindən asılı olmalıdır.
Regionda barış hər iki dövlətin üzərinə böyük məsuliyyət qoyur. 1988-ci ildə meydanlarda səslənən ərazi iddialarının üzərindən birdəfəlik xətt çəkilməlidir. Sülh Konstitusiyasının qəbulu yeganə yoldur.
Azərbaycan xalqı Konstitusiyasını 44 müqəddəs gündə yenidən təsdiqlədi. İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır!”