Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda qeyd olunub ki, həmin şəxslər korpus komandirinin müavini olmuş Fuad Ağayevin göstərişləri və kəşfiyyat bölüyünün hərbçiləri ilə birlikdə 1 may - 2 iyul (2017) tarixləri arasında Tərtərdə ön cəbhədə olan hərbi qulluqçuları düşmənlə əməkdaşlıq və vətənə xəyanətdə ittiham edərək, qanunsuz sorğu-sual edib, onlara işgəncələr veriblər. Həqiqətə uyğun olmayan ifadələr almaq üçün onlar hərbi qulluqçulara işgəncə verərkən müxtəlif avadanlıqlardan istifadə edərək onlara fiziki və psixoloji zor göstəriblər. İttihama görə, işgəncələr Tərtərdəki N saylı hərbi hissənin tərkibindəki inzibati binada, Bakı və Bərdə qarnizonlarının haupvaxtlarında, Ağcəbədidə Sarıcalı kəndində və Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında verilib.
Onlar hərbçiləri sorğu-sual edib, qida qəbuluna imkan verməyib, bədənləri üzərində xüsusi vasitələrlə ləyaqəti alçaldan hərəkətlər edərək nəticə etibarilə fiziki və psixi sağlamlıqlarını itirmələrinə, cəmiyyətdən təcrid olunmalarına səbəb olub.
İttiham üzrə 4 nəfərin heç biri özünü təqsirli bilməyib.
Prosesdə təqsirləndirilən şəxs Vüsal Ələsgərov sərbəst ifadə verməkdən imtina edib. Hakim onun ibtidai istintaqa ifadəsini elan edib.